Ququş azərbaycanlıları təhqir edib?
13 Yanvar 2011 Cümə Axşamı 22:05
Əhməd Obalı: "Müğənni Ququş Stokholmdakı konsertdə azərbaycanlıların intellektinə toxunan lətifə danışıb".
Məlum olduğu kimi əslən azərbaycanlı olan və Ququş adı ilə tanınan iranlı Faiqə Atəşin Ermənistanda konsert verməyə hazırlaşır. Bu məlumatı yayan Ermənistan mətbuatı tədbirin keçirilmə vaxtı barədə bilgi vermir və eyni zamanda vurğulayır ki, məşhur Ququş Azərbaycanda çıxış etməyib.

Bir sıra internet saytlarda yayılan məlumata görə, Ququşun sevgilisi ermənidir və o, müğənniyə Bakıya gəlməyə imkan vermir. Ququşun 2000-ci ildə İrandan Los-Anceles şəhərinə köçməsini və bu şəhərdə erməni diasporunun çox güclü olduğunu nəzərə alaraq, bu versiyanın yaşamaq hüququ var.

Lakin eyni zamanda mətbuatda İranla münasibətləri korlamaq istəməyən Azərbaycanın Ququşun Bakıda konsertinə imkan verməməsi barədə də məlumatlar yayılır. Mədəniyyət və Turizm Nazirliyi isə bu məlumatları təkzib edir. Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Ququşun Azərbaycanda konsert keçirməsi üçün heç bir maneənin olmadığını deyib. Onun sözlərinə görə, 2003 və 2005-ci illərdə müxtəlif təşkilatçılar Ququşla danışıb bir neçə dəfə onun Bakıda konsertini təşkil etmək istəyib, hətta bununla bağlı Heydər Əliyev adına Sarayın rəhbərliyi ilə də danışıqlar aparılıb. Sarayın rəhbərliyi də konsertə razılıq verib, lakin sonradan təşkilatçılar fikirlərindən daşınıb.

Ququşla bağlı bir sıra maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, müğənni xanım bu yaxınlarda Stokholmda keçirdiyi konsertdə azərbaycanlıları təhqir edib. Günaz TV-nin rəhbəri Əhməd Obalı bildirib ki, konsertdə azərbaycanlıların intellektinə toxunan lətifə danışıb: “O özü azərbaycanlıdır, amma İranda aparılan 100 illik assimilyasiya siyasəti ona bunu unutdurub. O ki, qaldı Ququşun Ermənistanda konsert verməyə hazırlaşmasına, bu konsert baş tutsa belə, bu sensasiya olmayacaq”.

Əhməd Obalının sözlərinə görə, Ququşun Ermənistanda üç konserti olub: “İranlılara ora getmək rahatdır. Ona görə də onun Ermənistanda konsertləri olur. O, Ermənistanın iqtisadiyyatına da kömək edir”.

ANS Ququşun həqiqətən Ermənistanda konsert verdiyini, İrəvana getmək planının olub-olmadığını, Stokholmdakı konsertində azərbaycanlıları təhqir edib-etmədiyini öyrənmək üçün müğənninin özü ilə əlaqə saxlamağa çalışıb. İki gün ərzində onun və şəxsi köməkçisinin mobil telefonuna zəng vurulsa da, əlaqə yaratmaq mümkün olmayıb. Görünür, Los-Anceles gecələri 1978-ci ildə Ququşu məşhurlaşdıran “Uzun gecə” filmindən “yaman uzundur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar