PSY özünə bənzəyən dələduzdan danışdı
07 İyun 2013 Cümə 12:24
Cənubi Koreyalı reper Moskvada mətbuat konfransında bu barədə danışıb.
Rusiyanın MUZ-TV telekanalı tərəfindən Rusiya Musiqi Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Moskvaya gələn Cənubi Koreyalı reper PSY mətbuat konfransı keçirib. Reper bildirib ki, ABŞ vasitəsilə Moskvaya gəlmək üçün 17 saat səyahət edib, lakin yorğun olmasına baxmayaraq, o, özünün "Gangnam Style" hitini ifa edəcəyi anı səbrsizliklə gözləyir. Reperdən "Bu mahnıdan bezmədinizmi?" deyə soruşulanda, o, yarı-zarafat, yarı-ciddi heç vaxt bezməyəcəyini deyib.

"Mən bu mahnıdan necə bezə bilərəm axı? Düşünürəm ki, mən ona öyrəşmişəm. İndən belə daha çox hit mahnılarım olsa, məsələn, Rusiyada daha 10 hit mahnım sevilsə, yenə də düşünürəm ki, heç bir mahnı "Gangnam Style"ın yerini tuta bilməz. Ona görə də, yəqin ki, həmişəlik bu mahnı mənimlə olacaq, buna hazır olmalıyam. Bundan bezmək fikrim yoxdur!" - deyə, reper bildirib.

Dünya şöhrətli ifaçı Fransada Kann kinofestivalında özünü PSY kimi təqdim edən dələduz barədə də danışıb: "Kannda olan yalançı "PSY" sözün əsl mənasında ağ elədi. O, Kann kinofestivalının bütün partilərində iştirak edib, çox bahalı şampan şərabından çoxlu-çoxlu içib. Hətta səhnədə "Gangnam Style" mahnısını da oxuyub və səhnədə siqaret çəkib, mənsə heç vaxt bunu etmirəm. O lap ağ elədi. Amma yenə də pozitiv düşünürəm, ola bilər ki, mən kiməsə başını qatmağa yaxşı bir məşğuliyyət verdim".

Qeyd edək ki, PSY Rusiyaya ayaq basdığı gün Moskvada onun "Gangnam Style" hitinin sədaları altında fləşmob keçirilib. Fleşmoba qoşulan 1000-ə yaxın adam Moskvanın Olimpiyskoe stadionunda rəqs edib. Təşkilatçılar fləşmobdan əvvəl internetdə yaydıqları xüsusi rəqs dərsi videoyazısı vasitəsilə Psay pərəstişkarlarına rəqs etməyi öyrədiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar