Polad Alemdar: "Qəbələ cənnətin özüdür”
19 Mart 2010 Cümə 14:20
Məşhur aktyor Polad Alemdar xarici turistləri Qəbələyə çağırdı
Azərbaycanda səfərdə olan “Kurtlar Vadisi” serialında əsas rolları canlandıran aktyorlar bu gün Qəbələ rayonunun təbiət mənzərələri ilə tanış olublar. APA-nın Qəbələdə olan müxbirinin məlumatına görə, türkiyəli aktyorlara Qəbələnin tarixi, turizm potensialı, təbiəti barədə məlumat verilib. Qonaqlar, həmçinin istirahət zonaları, tarixi abidələrlə tanış olublar.

Serial qəhrəmanlarının Qəbələyə səfərlərinin bu gün başa çatacağı, onların Türkiyəyə geri dönəcəkləri gözlənilir.

“Kurtlar Vadisi Pusu”nun baş rolunun (Polat Alemdar) ifaçısı Necati Şaşmaz Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib. Qəbələ rayonunu çox bəyəndiyini bildirən aktyor buranın böyük turizm potensialı olduğunu vurğulayıb. N. Şaşmaz hər kəsə Qəbələ kimi gözəl təbiəti olan bir məkanla tanış olmağı arzuladığını da deyib. Burada qış turizm mərkəzlərinin yaradılması üçün şəraitin olduğunu deyən məşhur aktyor xarici turistləri Qəbələyə çağırıb: “Biz Qəbələdə tam bir cənnətin içinə düşdük. Qəbələ cənnətin özüdür”.

Qeyd edək ki, «Kurtlar Vadisi» serialının qəhrəmanları Polat Alemdar (Necati Şaşmaz), Abdulhey (Kənan Çoban), Ərhan (Ərhan Ufuk), Tuncay (Osman Vöber) və başqaları 2 gündür Azərbaycandadırlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar