Nigarın imtahanda neçə bal toplaması barədə məlumatlara münasibəti
27 May 2011 Cümə 15:23
“Eurovision-2011” təmsilçimiz bu haqda ANS PRESS-ə eksklüziv açıqlama verib
Məlum olduğu kimi bu gün “Eurovision-2011” musiqi müsabiqəsində ölkəmizə birincilik qazandıran Eldar Qasımov və Nigar Camalın universitetlərə qəbul zaman topladıqları balları açıqlanıb. Bu barədə bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O, Eldar Qasımovun Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə 556 balla, magistraturaya isə 99 balla qəbul olduğunu söyləyib.
Digər təmsilçimiz Nigar Camalın qəbul balı ilə bağlı da məlumat verən TQDK sədri bildirib ki, həmin il Nigarın soyadı fərqli olduğu üçün onun tam nə qədər bal topladığını deməkdə çətinlik çəkir. Ancaq Nigarın Xəzər Universitetinə daxil olduğu il bu ali məktəbə qəbul balı 100 bal olub. Həmin il Xəzər Universitetinə qəbul olan Nigar adlı tələbə isə 130 ballıq nəticə göstərib. TQDK sədri onu da vurğulayıb ki, 130 balla Xəzər Universitetinə daxil olan Nigar adlı tələbənin soyadı fərqli olduğu üçün həmin tələbənin Nigar Camal olduğunu əminliklə söyləyə bilməz: “Ancaq təxminən deyə bilərəm ki, həmin il Xəzər Universitetinə daxil olan Nigar 130 ballıq nəticə göstərib”.
Bu məsələni “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camaldan dəqiqləşdirmək qərarına gəldik. Yarışın qalibi Eldar Qasımov ANS PRESS-ə etiraf etdi ki, həqiqətən də ali təhsilinin bakalavr pilləsinə 556 bal, magistr pilləsinə isə 99 balla daxil olub.
Nigar Camala gəldikdə isə “Eurovision-2011” təmsilçimiz ümumiyyətlə bu haqda dəqiq heç nə xatırlamadığını dedi: “Bu çoxdan olub, təxminən 14 ildən də artıq vaxt keçib və həmin vaxt universitetdə qəbul olarkən nə qədər bal topladığımı xatırlamıram”.
DOSTLARINLA PAYLAŞ: