Nigar Camalın ailə fotosu Böyük Britaniya mətbuatında dərc olunub
23 May 2011 Bazar Ertəsi 15:06
Azərbaycanın “Eurovision-2011” müsabiqəsində təmsilçilərindən biri olan Nigar Camalın ailə şəkli xarici mətbuatda yer alıb.
APA-nın Böyük Britaniyanın “The Sun” qəzetinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu qəzetin səhifəsində Nigar Camalın həyat yoldaşı Halukla (Luke) birgə fotosu dərc edilib. Londonda olarkən bu qəzetə müsahibə verən Nigar Camal bəzi məqamlara da toxunub: ““X Factor” yarışmasında iştirak etmək arzum olub, ancaq bu istəyim alınmadı. Azərbaycanda olarkən mənə “Eurovision” müsabiqəsinin milli seçim turuna qatılmağı təklif etdilər. Sonda da 21 yaşlı Eldarla qalib oldum”. Qəzet yazır ki, Şimali Londonda yaşayan iki uşaq anası, hazırda postsovet məkanının ulduzuna çevrilib.
Nigar Camal qəzetə qalibiyyətdən sonra Azərbaycana gəlişləri zamanı mindən artıq insanın onları qarşılamağa gəldiyini deyib: “Minə yaxın insan bizi qarşılamaq üçün aeroporta gəlmişdi. “X Factor”a qatılmamışam, bəlkə də bu bir taledir. Amma Simon Coweli çox sevirəm, çünki o hər zaman düz deyir. Bu cəhət mənim ən çox sevdiyim cəhətdir. Şeryl Cole də mənim ən çox sevdiyim müğənnidir, onun kimi olmaq istərdim. Bir neçə ay bundan əvvəl mən sadə evdar xanım idim, indi isə “Eurovision”un qalibiyəm. Bu mənim ən böyük arzum idi. Buna baxmayaraq, özümü super-star, qeyri-adi insan hesab etmirəm”.

Bununla yanaşı, Eldar Qasımov və Nigar Camal “Eurovision TV”-yə də müsahibə veriblər. Nigar Camal böyük qızı Səidənin mütləq müğənni olmaq və gələcəkdə Azərbaycanı “Eurovision”da təmsil etmək arzusunda olduğunu söyləyib. Nigar Camalın böyük qızı Səidənin 5, kiçik qızı Jasminin 3 yaşı var. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar