Nazpərinin konsertində nələr baş verdi?
16 Yanvar 2010 Şənbə 11:00
Nazpərinin konsertində nə baş verib. Tamaşaçılara bir yer üçün bir neçə dəvətnamə verilib.
Dünən axşam Bakı Dövlət Sirkində xalq artisti Nazpəri Dostəliyevanın möhtəşəm konsert proqramı baş tutub. ANS PRESS-in məlumatına görə, piratlara qarşı mübarizə məqsədi ilə keçirilən tədbirdə digər sənətçilər də iştirak edib.
Konsert saat 19.00-a təyin olunsa da, N. Dostəliyeva səhnəyə 45 dəqiqə gec çıxdı. Bu isə zalda əyləşən tamaşaçıların narazılığına səbəb oldu. Bu müddət ərzində səhnədə tez-tez görünən təşkilatçılar isə reklam şitlərini yerləşdirməklə məşğul idilər. Halbuki bu cür xırdalıqlar konsertdən bir neçə saat qabaq yoluna qoyulmalı idi.
Qeyd edək ki, tamaşaçıların əksəriyyəti konsertə biletlə deyil, dəvətnamə ilə təşrif buyurmuşdular. Ancaq bir yer üçün tamaşaçılara bir neçə dəvətnamə verilməsi bəzilərinin ayaqüstə qalması ilə nəticələnirdi. Bu barədə inzibatçılardan soruşduqda, onlar təəccübləndiklərini bildirirərək, "biz sadəcə tamaşaçılara yerlərini göstərməyə yardım edirik"-deyə cavab verdilər. Nəticədə tamaşaçılar tapdıqları boş oturacaqlarda əyləşdilər.
Konsert Nazpəri Dostəliyevanın mahnısı ilə başlandı. Müğənni möhrünü vurduğu "Nə olar, Allahım ayırma bizi" mahnısını yeni oranjimanda ifa edərək, səhnədə göründü. Daha sonra tamaşaçılara konsertin hansı məqsədlə keçirilməsi barədə açıqlama verdi.
Xalq artistinin təqdimatında bir-birinin ardınca səhnəyə çıxan müğənnilər əvvəlcə öz disklərini səhnədə sındırıb, "piratlara yox" aksiyasına dəstək olduqlarını bildirdilər, daha sonra isə bir mahnı ərməğan etdilər. Əməkdar artist Baloğlan Əşrəfov isə "piratlara qarşı təkcə biz deyil, dövlət də mübarizə aparmalıdır"-deyərək Nazpəri xanıma dəstək olduğunu bəyan etdi.
Röyanın səhnədə görünməsi isə tamaşaçılar arasında ajiotaj doğurdu. Səhnədə görünən müğənni əlindəki diskini ayağının altına atıb, sındıraraq, üzünü tamaşaçılara tutdu: "Diskə vurulan şəkli mən evimdə dəhlizdə çəkdirmişdim. Utanmırsınız, mənim belə şəkillərimi diskə qoyursunuz?"-deyərək, piratlara qarşı keçirilən aksiyaya dəstək olduğunu bildirdi.
Qeyd edək ki, Röya ilə birgə Natəvan Həbibinin də adı konsertin anonslarında hallanıb. Lakin Natəvan tədbirə qatılmadı. Buna səbəb isə Röyanın da eyni konsertdə çıxış etməsi olub. Buna səbəb isə müğənnilərin son vaxtlar bir-birindən incik olmasıdır.
Nazpəri Dostəliyevanın piratlara qarşı keçirdiyi aksiya iki saat yarın davam edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: