Nazpəri Dostəliyeva danışdı
02 Mart 2013 Şənbə 11:38
Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevanın şou-biznesdə hegemonluğuna son qoymaq qərarına gəlib.
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva Azərbaycanın xalq artisti İlhamə Quliyeva ilə bağlı şok açıqlama verdi. Xalq artistinin ANS PRESS-ə açıqlamasını olduğu kimi təqdim edirik:
"Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və mənə bildirdilər ki, məni ora İlhamə Quliyevanin şikayəti əsasında dəvət edirlər. Həmin idarənin bu tip işlərlə məşqul olmadığını, mənim isə heç bir qanuna zidd əməl törətmədiyimi bilsəm də, qanunlarımıza hörmət əlaməti olaraq oraya getdim. İdarədə İ.Quliyevanın şikayət ərizəsi ilə tanış olduqdan sonra nə həmin ərizədə göstərilən faktların həgigətə uyğun olmadığını, nə də ki, onların mənə heç bir aidiyyəti olmadığını bildirdim. Çünki, mən nə heç bir kütləvi informassiya vasitələrində, nə də hər hansı başqa yerdə İ.Quliyevanın adını çəkməmişəm, onun barəsində hər hansi bir fikir soyləməmişəm.
İdarəyə gələndən sonra İ.Quliyeva 106 FM-də məni təhqir etməyə və öz dostu, general-polkovnik Mirqafar Seyidovla təhdid etməyə başladı.
O, hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Və müğənniləri onun adı ilə qorxudur. Əgər general-polkovnik Mirqafar Seyidov onun dostudursa, o bütün müğənniləri onunla qorxutmalıdırmı?
Həmçinin, o deyir ki, “Space” telekanalının prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur. Onun sözlərinə görə, onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır.
Mən isə özümə və digər xalq artistlərinə, mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənablarına, bir ana kimi millət vəkili, "YUNESKO"nun sülhməramli səfiri, Azərbaycanın birinci xanimi Mehriban xanım Əliyevaya, törədilmiş qanuna zidd əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciyət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilliant Dadaşovanı, Səməd Səmədovu və sairələri təhdid edir. Mənim indiyə kimi heç bir qalmaqallarda, münaqişələrdə adım heç vaxt hallanmayıb.
İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır. Mən başa düşmürəm, o, mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi?
İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq. Bir xalq artisti kimi həm bizlərə, həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyə bu cür halların qarşısı alınacaqdır. Bu andan bəri bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyəvə həvalə etmişəm".
DOSTLARINLA PAYLAŞ: