Natəvan Şeyxova: “Şou-biznesdəki qalmaqalları xoşlamıram"
17 Dekabr 2009 Cümə Axşamı 13:50
Natəvan Şeyxova: “Estradada hazırda baş verənlər məni qane etmir. Hazırda yerli televiziyalarda, ifaçılıqda çoxlu diletantlıq, qeyri-peşəkarlıq var."
"Mən özüm konservatoriyanın klassik ifaçılıq məktəbini bitirmişəm, estrada ilə maraqlanmışam və bu janrda ifa etmişəm. O vaxtkı müğənnilərin hamısı ali musiqi təhsilə malik idilər. Müğənni üçün məktəb keçmək çox vacibdir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, estrada mahnılarının mahir ifaçısı Natəvan Şeyxova deyib.
Müğənninin fikrincə, hər bir sənətçi üçün məktəb bazadır və bu baza olanda müğənni ifasını peşəkarcasına həyata keçirir: “Baza olanda hər şey zahirən də başqa olur. Hazırda şou-biznesdəki qalmaqalları da xoşlamıram, amma yəqin ki, bu zəmanədən gələn bir şeydir. Ancaq bu mənim xoşuma gəlmir və mən bunu qəbul etmirəm”. Hazırda vaxtının çoxunu tələbələrinə həsr etdiyini deyən N. Şeyxova müəlliməlik etdiyini vurğulayıb. Müğənni bildirib ki, onun tələbələrinə verdiyi əsas məsləhət səhnə qayda-qanununa riayət etmələri və özlərini düzgün aparma qaydalarıdır: “Tələbələrimə dediklərimi bəziləri sinifdə edirlər, ancaq çıxandan sonra ona əməl etmirlər. Yəqin ki, düşünürlər ki, bunu sinifdə etsək kifayətdir. Hesab edirəm ki, ilk növbədə səhnə davranışı çox vacib məsələdir. Həyatda da ünsiyyət mədəniyyəti vacibdir. Bu açıq-saçıqlıq, etikadan kənar hərəkətlər incəsənət xadiminə yaraşmır. Müğənni mədəniyyəti təmsil edir və özünü mədəni aparmalıdır. Mənim müəllimlərim o vaxtı deyirdilər ki, müğənni kütlədən bir balaca yuxarıda olmalıdır, çünki o mədəniyyət daşıyıcısıdır. O da sirr deyil ki, kütlə ekranda gördüyünü həyatında tətbiq edir və bunu düzgün hesab edir. Kütlənin bizdən düzgün nümunə götürmələri üçün hər birimiz özümüzü düzgün aparmalıyıq. Öz tələbələrimə daxili mədəniyyəti aşılamağa çalışıram ki, onlar özlərini layiqli aparsınlar”.
Hazırda əsasən müəlliməliklə məşğul olduğunu bildirən N.Şeyxova səhnədə az-az görünməyinin səbəblərini də bununla bağlayıb: “Düşünürəm ki, indi ekrana da, televiziyaya da çıxmaq və oxumaq olar, amma tez-tez yox. Axı unutmaq olmaz ki, hər şeyin öz vaxtı var. Gənclərə yol vermək lazımdır”. N. Şeyxova bildirib ki, fondda saxlanılan mahnılarının hamısını bir albomda toplamaq istəyindədir: “Həmin mahnılarımın bir hissəsini artıq yığmışam, ancaq bir hissəsi hələ qalır. Qalan hissəni də yığıb qurtarandan sonra albomumu dinləyicilərimizin ixtiyarına vermək arzusundayam”. APA
DOSTLARINLA PAYLAŞ: