Narahatlığa səbəb yoxdur
17 Dekabr 2010 Cümə 11:20
Xalq artistinin mətbuat katibi müğənninin oğlunun hazırda evdə olduğunu bildirib
Bu gün gecə saatlarında Qaradağ rayonu ərazisində avtomobil qəzasına düşən xalq artisti Nazpəri Dostəliyevanın oğlunun vəziyyəti normaldır. Bu barədə Nazpəri Dostəliyevanın mətbuat katibi ANS PRESS-ə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Əli Quliyev hazırda evdədir. "Onun vəziyyəti yaxşıdır. Axşamdan evə gəlib. Özünü yaxşı hiss edir, hər şey qaydasındadır. Xəsarət görən maşındır, vəssalam! Narahatlığa səbəb yoxdur!”

Qeyd edək ki, xalq artisinin oğlu, 1980-ci il təvəllüdlü Əli Nəriman oğlu Quliyev ötən gün axşam saatlarında idarə etdiyi “Mercedes”i Qaradağ rayon İcra Hakimiyyəti binasının qarşısındakı kiçik dairədəki dirəyə çırpıb. Avtomobil yüksək sürətlə hərəkət etdiyindən sürücü ağır xəsarətlər alıb. Daha sonra yeni salınmış parkın səkisinə, oradan isə dəmir çəpərlərə çırpılan avtomobil ancaq işıq dirəyinə dəyərək dayana bilib. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Yeni salınmış parka isə maddi ziyan dəyib, işıq dirəyi qırılıb.

Avtomobildə yalnız olan sürücü 30 yaşlı Əli Quliyev isə müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan ANS-ə verilən məlumata görə, yaralı klinikaya daxil olarkən şok vəziyyətində olub və müayinə zamanı onun bədənində müxtəlif travmalar aşkarlanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar