Müğənnilər mövsümü xeyriyyə konserti ilə açdılar
02 Sentyabr 2011 Cümə 13:21
Konsertdən əldə edilən gəlirlə imkansız şagirdlərə məktəbli geyimi və çantalar alınacaq
Dünən Bakıda Heydər Əliyev sarayında Məlahətli Ana ictimai birliyinin təşkilatçılığı ilə xeyriyyə konserti keçirildi. ANS PRESS-in məlumatına görə, konsertin əvvəlində təşkilatın bu günə qədər həyata keçirdiyi xeyriyyə aksiyalarına həsr olunmuş qısa sənədli film nümayiş olunub. Daha sonra xeyriyyə aksiyalarına sponsorluq edən şəxslərə ictimai birliyin mükafatları təqdim olunub.

Tədbirin aparıcı Azərbaycanın "Eurovision-2010" təmsilçisi Səfurə Əlizadə idi. Konsertdə müğənnilər Səyyad Əlizadə, Sevda Yahyayeva, Nurlan Əzizbəyli, Xəyyam Nisanov, Əkbər, Mətanət İsgəndərli, N-Brothers qrupu, Aynişan Quliyeva, Aybəniz Haşımova, Kristal qrupu, yumotrist Fərda və digərləri çıxış ediblər. Gecənin sonunda səhnəyə Səfurə Əlizadə özü çıxdı. Müğənninin özü də göstərdiyi dəstəyə görə mükafatlandırıldı.

Qeyd edək ki, konsert "Dəstək ol ki, imkansız şagirdlər təhsilsiz qalmasın" devizi ilə keçirilib. Aksiyanın məqsədi imkansız şagirdlərin təhsilinə diqqət çəkmək idi. Konsertdən əldə edilən gəlirlə imkansız şagirdlərə məktəbli geyimi və çantalar alınacaq. Konsertdə müğənnilər təmənnasız çıxış ediblər. Konsertə multimedia dəstəyini Viva Media şirkəti verib.











DOSTLARINLA PAYLAŞ:

oyunlar