Müğənni Nazəninin qardaşı həbs edilib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Astara rayon sakini, 1960-cı il təvəllüdlü Əlizamin Rəhim oğlu Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. O, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxlanılıb. Əməliyyatçılar onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin götürüblər. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində dindirilən Ə. Əliyev müğənni Nazəninin qardaşı olduğunu və uzun müddətdən bəri narkotik vasitələrin istifadəçisi olduğunu qeyd edib. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma və ya satma - külli miqdarda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı müğənnidən münasibət öyrənmək mümkün olmayıb.
Əldə etdiyimiz məlumata görə, müğənni Nazəninin qardaşı Əlizamin Əliyevlə münasibətləri yaxşı deyil.
APA