Müğənni Kərim "Toy olsun" layihəsindən uzaqlaşdırıla bilər
02 Noyabr 2010 Çərşənbə Axşamı 12:05
Kərim: "Bu layihədən evlənmədən ayrılmaq fikrim yoxdur!".
"Artıq 30 yaşım var. Evlənmək, normal ailə sahibi olmaq istəyirəm. Düşünürəm ki, hamı kimi mənim də buna ixtiyarım var və bu layihədən evlənmədən ayrılmaq fikrim yoxdur. "Toy olsun"a böyük bir iddia ilə qatılmışam! Həyatını mənimlə bölüşmək istəyən qızlardan zəng gözləyirəm". Bu sözləri ANS TV-nin "Toy olsun" layihəsindən kənarlaşdırılmaq qorxusu ilə üzləşən müğənni Kərim Abbasov deyib.
Evlənmək məqsədilə dünəndən ANS TV-nin "Toy olsun" evlənmə proqramına qatılan müğənni layihədən uzaqlaşdırıla bilər. ANS PRESS-in məlumatına görə, bu gün səhər internet saytlarından birində müğənninin bu layihənin imicini, ciddiliyini şübhə altına salacaq açıqlaması dərc olunub. Açıqlamada deyilir: "Bu, bir şou xarakterli layihədir. Hamı çox gözəl bilir ki, mən nişanlıyam və tezliklə toyum olacaq".
Kərim ANS PRESS-ə açıqlamasında yazılanlardan xəbərsiz olduğunu və layihəyə qatılandan bəri heç bir portala açıqlama vermədiyini dedi: "Mən "Toy olsun"a ciddi ailə qurmağa gəlmişəm. Bir dəfə taleyim alınmadı. Keçmiş həyat yoldaşımla çox problemlər yaşadım və bu problemlər indiyədək davam edir. Bu kimi problemləri bir daha yaşamamaq arzusu ilə seçimimi xalqın gözü qarşısında və xalqın içindən etmək qərarına gəldim. "Toy olsun"da məhz bu məqsədlə iştirak edirəm".
Xatırladaq ki, müğənni Kərim Abbasov ANS TV-nin "Toy olsun" layihəsində evlənməyə qərar verib. İkinci dəfə ailə qurmaq arzusunda olan müğənni seçimini 22 yaşa qədər olan qızların arasında edəcək. Müğənni qətiyyətlə əqrəb bürcündən olan qadınlardan ona namizəd olmamalarını istəyib. Müğənninin birinci həyat yoldaşı, prodüsser Təranə Səmədova əqrəb bürcündən olduğundan bu bürcdən olanlarla anlaşa bilməyəcəyini deyib. Müğənni onunla ailə həyatı qurmaq istəyən qızın çox təmizkar olması ilə yanaşı, onun sənətinin vurğunu olmasının da vacibliyini vurğulayıb.
İlk verilişdə artıq Kərimə bir neçə zəng gəldi. O, 22 yaşlı Nailə adlı qızı bu gün studiyaya dəvət edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: