Müğənni Arzum yeni diskinin təqdimatını keçirib
31 Mart 2009 Çərşənbə Axşamı 19:05
Xalq artisti İlhamə, gənc müğənniyə qalmaqalardan uzaq olmağı tövsiyyə edib

 

Gənc müğənni Arzum “Lava” adlı ilk diskini mediaya təqdim edib. “Azəri Star” müsabiqəsindən çıxmış müğənnini dəstəkləmək üçün vaxtilə adıçəkilən yarışmanın münsiflər heyyətində oturan şair Vahid Əziz və xalq artisti İlhamə Quliyeva da tədbirdə iştirak ediblər. Hər ikisi çıxışlarında  öz seçimlərində yanılmadıqlarını və həm görkəmi ilə, həm də bacarığı ilə Arzumun səhnədə öz yerini tutacağından arxayın olduqlarını bildirdilər.

Hər dəfə olduğu kimi İlhamə xanım özünəməxsus nəsihətləri ilə Arzuma da yol göstərib. Başı məhkəmələrdən açılmayan İlhamə xanım gənc müğənniyə qalmaqala girməməyi tövsiyyə edərək, məcbur olarsa belə heç vaxt heç kimin adını çəkməməyi tapşırıb. Xalq artistinin Arzuma ən təəccüblü tövsiyəsi adının qarşısında özünə ləqəb artırmamaq olub. Halbuki, bizim şou-biznesdə özünə titul götürən ilk müğənni məhz İlhamə xanım idi. Özünü gah səhnəmizin primadonnası,daha sonra taclı primadonnası, gah da şou-biznesimizin generalsimusu adlandıran İlhamə Quliyeva komandasını da ləqəbsiz qoymayıb. Toliki impressario, mətbuat katibini isə ataşe adlandırmışdı. Hətta, “Toylar kralı” titulunun da müəllif hüququnun ona aid olduğunu dəfələrlə qeyd edib.

Tədbirə 1 saat gecikmə ilə özünə “100% F.A”, “Qızıl Şlyager” ləqəbi qoyan xalq artisti Faiq Ağayev də qatılıb.

Zülfiyyə Qurbanova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar