Mete Horozoğlu çekiliş zamanı tesadüfi gülleye tuş geldi
29 İyul 2013 Bazar Ertəsi 10:38
Sağ baldırından yaralanan Mete Horozoğlu xəstəxanaya çatdırılıb.
"Öyle bir geçer zamanki” serialı və “Nəfəs” filmi ilə tanınan məşhur türk aktyoru Mete Horozoğlu, dünən yerli vaxtla səhər saat 11.00 radələrində açılan atəş nəticəsində ayağından yaralanıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Kocamustafapaşa qəsəbəsində çəkilən “Parolun” serialının çəkilişi zamanı yaxınlıqda olan iki qrup arasında mübahisə yaranıb. Mübahisə nəticəsində qruplar bir-birlərinə tapançadan atəş açmağa başlayıblar. Açılan güllələrdən biri, makiyaj maşınında çəkilişə hazırlaşan M. Horozoğlunun baldırından dəyib. Yoldaşlarından kömək istəyən aktyor Samatya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Xəstəxanada güllənin aktyorun sağ baldırını deşib keçdiyi məlum olub. Ayağı sarındıqdan sonra xəstəxanadan buraxılan M.Horozoğlu, şikayət ərizəsi ilə polisə müraciət edərək cinayətkarların həbs olunmasını tələb edib.
Aktyorun tələbindən sonra polis, hadisədə şübhəli bilinən iki nəfəri saxlayıb. Əməliyyat zamanı bəlli olub ki, həbs olunanlardan biri - Cəmil A. atışma zamanı yaralanıb. Yaralı dərhal Samatya Xəstəxanasına götürülüb.
DOSTLARINLA PAYLAŞ: