Məşhur müğənni biznesmen dostunu öldürtməkdə şübhəli bilinir
30 Mart 2013 Şənbə 10:15
Gürcü əsilli rusiyalı müğənniyə qarşı cinayət işi açılıb.
Rusiya estradasının tanınmış simalarından olan Gürcüstan əsilli müğənni Soso Pavliaşviliyə qarşı Tiflisdə cinayət işi açılıb. Gürcüstanın "TV 9" telekanalının məlumatına görə, müğənniyə qarşı gürcü iş adamının öldürülməsi ilə bağlı cinayət işi başladılıb. Biznesmen Aftandil Aduaşvili 2012-ci ilin noyabrında öz şəxsi avtomobilində güllələnmişdi.
"TV 9" telekanalının məlumatına görə, Gürcüstan Baş Prokurorluğu Aduaşvilinin qətli ilə bağlı Soso Pavliaşviliyə qarşı cinayət işinin açıldığını təsdiqləyib. Baş Prokurorluqdan bildirilib ki, qətllə bağlı istintaq işi çərçivəsində şahid qismində ifadə verənlərin bəziləri Soso Pavliaşvilinin qətlin sifarişçisi olduğunu deyib. Qətllə bağlı Pavliaşvilinin yaxın qohumu və daha 5 nəfər də saxlanılıb.
Bir müddət əvvəl Gürcüstan telekanalına müsahibə verən Soso Pavliaşvili isə öldürülən iş adamının onun ən yaxın dostu olduğunu bildirmiş və kütləvi-informasiya vasitələrində yayılan məlumatları cəfəngiyat adlandırmışdı.
DOSTLARINLA PAYLAŞ: