Məryəm Şabanova: Azərbaycan bu il “Eurovision” tarixinə düşməlidir
16 Yanvar 2010 Şənbə 16:10
Məryəm Şabanova:“Azərbaycan “Eurovision-2010” müsabiqəsində təmsil edəcək sənətçi bütün gücü ilə ölkəsini qalib etməlidir.
Fikrimcə, qalib olmağın xüsusi bir resepti yoxdur. Sadəcə, qalib olmaq üçün təmsilçi çox enerjili, maraqlı stilli, eyni zamanda gözəl səhnə görünüşlü olmalıdır. Təmsilçi gərək bütün səhnəni öz çıxışı ilə doldursun və səhnədə boşluq gözə çarpmasın”. Bu sözləri APA-ya açıqlamasında “Eurovisipn-2010” müsabiqəsində Azərbaycan təmsilçiliyinə iddialı olan namizədlərdən biri Məryəm Şabanova deyib.

Namizəd sözügedən müsabiqədə Azərbaycanı təmsil etmək üçün öz şanslarını yüksək qiymətləndirib: “Bütün namizədlər kimi, mən də öz şansımı yüksək qiymətləndirirəm. Fevralın 2-də çox işıqlı olacağam və ifamla münsifləri təəccübləndirmək fikrindəyəm. Hazırladığım mahnıda milli musiqi elementlərindən də istifadə olunacaq. Sözsüz ki, Azərbaycanın hansı namizəd tərəfindən təmsil olunacağını zaman göstərəcək. Ancaq kiminlə təmsil olunmasından asılı olmayaraq, Azərbaycan bu il “Eurovision” tarixinə düşməlidir və dünyaya ölkəmizin nə dərəcədə yüksək mədəniyyətə malik olduğunu sübut etməlidir. Ən əsası isə təmsilçimiz layiqli yeri qazanmalıdır”.

Bu zamana kimi gündəmdə olmamasının səbəblərini açıqlayan M.Şabanova bunu ailəli və ana olması ilə əlaqələndirib: “Mən məşğul idim. Düzdür, mən efirlərdə və ya gündəmdə olmamışam, çünki övladım var və başım ona qarışıq idi. Ancaq bundan sonra Məryəm Şabanovanı hamı tanıyacaq. Ola bilsin, mənim simam tamaşaçılara o qədər də tanış deyil. Əsasən mənim ifalarımı yerli kanallar gecə, artıq hamı yatandan sonra göstərirlər. Ancaq əsas odur ki, zamanından asılı olmayaraq, ifalarım nümayiş olunur. Görən görüb və ifamı da bilir”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar