Pop-musiqisinin kralı Maykl Ceksonun beyni nəhayət ki, ailəsinə qaytarılıb. ANS PRESS-in “RaiNovosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ifaçının sirli ölümü ilə əlaqədar aparılan tədqiqatlarda iştirak edən tədqiqatçı Eda Uentr bildirib.
Qeyd edək ki, Eda Uentr M.Ceksonun beyninin ailəsinə qaytarılması və onun beyninin bədəni ilə birgə dəfn olunması haqqında məlumatların təfərrüatlarına varmaqdan imtina edib.
Xatırladaq ki, vaxtsız dünyasını dəyişən 50 yaşlı ifaçının beyni ikinci ekspertizadan sonra toksikologiya ekspertizası üçün çıxarılmışdı. Bu ekspertizanın aparılması ilə ifaçının ölümünün əsas səbəbləri açıqlanmalı idi.
Bu xəbərlə yanaşı həmçinin pop-ulduzun harada dəfn olunacağı da artıq bəlli olub. O, əvvəllərdə güman olunduğu kimi Los-Anceles ştatındakı Forest Lawn qəbirsatnlığında torpağa tapşırılacaq.
Maykl Cekson ürəyi iyunun 25-də öz evində dayanmışdı. Los-Anceles xəstəxanalarından birinə gətirilərkən o, artıq nəfəs almırmış. Amerika KİV-nin verdiyi məlumata əsasən, onun ölümündə əsas təqsirli həyatının son dəqiqələrində yanında olan həkimi Konrad Mürrey hesab olunur. /ANS PRESS/