Mayın 10-da uzun müddət xatirələrdə qalacaq şou ilə çıxış edəcəyik
27 Aprel 2011 Çərşənbə 16:32
“Biz bütün Avropadan yüksək bal gözləyirik və bunun arzusundayıq”


Bakı. Ülkər Qasımova-APA. “Biz ölkəmizi “Eurovision-2011” mahnı müsabiqəsində layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik və bütün günümüzü bu müsabiqəyə hazırlığa sərf edirik. Bütün günü hərəkətdəyik və yorulmaq bilmirik. Avropanı gəzirik, müxtəlif ölkələrin jurnalistləri və pərəstişkarlarla ünsiyyət saxlayırıq, məşq edirik, vokal və rəqs dərsləri ilə məşğul oluruq. Hazırlıq qrafikimiz çox gərgindir, demək olar ki, istirahətə imkan yoxdur. Ukraynada, Kiyevdə uğurlu çıxışlarımız oldu və yeni insanlarla, eyni zamanda “Eurovision-2011”-in digər ölkə təmsilçiləri ilə tanış olduq”. Bu açıqlamanı APA-ya hazırda Ukraynada olan Azərbaycanın Düsseldorfda keçiriləcək 56-cı “Eurovision” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal veriblər.

Eldar Qasımov bildirib ki, bu şans hər kəsə nəsib olmur: “Bu böyük şansla yanaşı, çox böyük məsuliyyət hissidir. Eyni zamanda çox gözəl hisslər və bütün bunların mərkəzində olmaq inanılmaz bir xoşbəxtlikdir. Biz məhz buna can atırdıq və indi də məqsədimiz qələbə qazanmaqdır”.

Nigar Camal bu şansın məhz onlara nəsib olduğundan çox xoşbəxtlik duyduğunu qeyd edib: “Lazım olan hər şey edəcəyik ki, ölkəmiz bizimlə fəxr etsin. İstəyirik ki, çox parlaq və yaddaqalan bir şou ilə çıxış edək və bütün Avropa icitmaiyyətinə Azərbaycanın ən yaxşı yerə layiq olduğunu göstərək”.

“Fortuna Arena”da Azərbaycan təmsilçilərinin necə bir şou proqramla çıxış edəcəklərinə gəlincə, Eldar Qasımov və Nigar Camal bu sirri açmaq istəməyiblər: “Biz bütün sirrləri açıqlamaq istəməzdik. Sadəcə deyə bilərik ki, mayın 10-da çox parlaq və uzun müddət xatirlərdə qalacaq şou ilə çıxış edəcəyik. Eyni zamanda şoumuzda romantikə də olacaq. Ümid edirik ki, şoumuz bütün Avorpanın ürəyincə olacaq. Mayın 10-da Düsseldorfdakı parlaq çıxışımıza baxmağı unutmayın. Biz səhnəyə 18-ci çıxacağıq”.

İki qız anası olan Nigar Camal övladları üçün çox darıxdığını da etiraf edib: “Hazırlıq dövründə daha çox mənəvi yorğunluğumuz olur, nəinki fiziki. Mən uzun müddətdir öz yaxınalrımı və əzizlərimi görmürəm. Onlarla ancaq telefonla əlaqə saxlayıram. Hər gün skype vasitəsi ilə övladlarım, anam və həyat yoldaşımla danışıram. Qızlarımı qucaqlayıb öpəcəyim günü səbirsizliklə gözləyirəm. Onlar məni çox dəstəkləyirlər və bu mənə güc verir”.

Duet ortağının bu sözləri ilə həmrəy olan Eldar Qasımov da “mən də doğmalarım üçün çox darıxıram və onlara ehtiyacım var. Ancaq hər şey qarşıdadır və çətinliklər, yorğunluq artıq geridə qalır. Artıq Düsseldorf səhnəsinə çıxacağımız günü səbirsizliklə gözləyirəm”, deyib.

Eldar və Nigar Azərbaycan təmsilçilərinin ifa edəcəkləri “Running Scared”in favorit mahnılar sırasında da olmasına da hədsiz sevindiklərini bildiriblər: “İnternetdə mahnımıza dair çox pozitiv, bizə güc verən şərhlər oxuyuruq. Bilirik ki, mahnımız favorit mahnılar arasındadır, ancaq yenə də əsas məsələ canlı çıxışdır, buna görə də biz özümüzü tam rahatlamırıq”.

Təmsilçilərimiz bütün Avropadan yüksək bal almaq arzularını da dilə gətiriblər: “Hansı ölkədən neçə bal alacağımızı söyləmək çox çətindir. Bu müsabiqədə mövcud olan rəqabət zarafat deyil və asan mübarizə sayıla bilməz. Əlbəttə ki, biz bütün Avropadan yüksək bal gözləyirik və bunun arzusundayıq. Bu il müsabiqədə çox güclü iştirakçılar var və buna görə də, müsabiqənin pərəstişkarlarının fikirləri müxtəlif istiqamətlərə yönələ bilər, anacq biz yenə də ən yaxşı nəticəni gözləyirik”.

Təmsilçilərimiz “Eurovision-2011” müsabiqəsində ifa olunacaq digər mahnılardan İsveç, İsrail, Maltanın seçimini bəyəndiklərini deyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar