Keçmiş arvadı Təranə müğənni Kərimin maşınını qaçırdı
05 Oktyabr 2010 Çərşənbə Axşamı 18:00
Kərim: "Əgər başıma bir iş gəlsə, bıçaqlansam və ya buna bənzər hadisələr olsa, günahkar mütləq Təranə Səmədovadır".
Müğənni Kərimə qarşı cinayət törədilib. Müğənniyə məxsus “Nissan-Murano” markalı avtomobil qaçırılıb. Hadisə, müğənni Bakının Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq sarayında toy məclisində olarkən baş verib.

Nərimanov Rayon Polis İdarəsindən verilən açıqlamada məlumat təsdiqlənib. Bildirilib ki, hadisə müğənninin keçmiş həyat yoldaşı, hazırda müğənni Rəqsanənin prodüseri olan Təranə Səmədova tərəfindən törədilib.

Polis bölməsindən bildirilib ki, qadın saxlanılıb və maşın müğəninin özünə qaytarılıb.

Təranə Səmədova ilkin dindirmə zamanı bildirib ki, Kərimlə evli olduğu vaxtlarda əri ona məxsus evi banka girov qoyaraq pul götürüb. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq, banka pul ödəmir. Bu səbəbdən Təranə keçmiş əri Kərimdən heyif çıxmaq istəyib. Bu məqsədlə “Kral” şadlıq sarayında toy məclisi zamanı stolun üstündən Kərimə məxsus avtomobilin açarını götürərək sürüb gedib.
Bu gün isə Təranə Səmədova özü polisə gələrək maşını təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Müğənni Kərim baş vermiş hadisə ilə bağlı ətraflı açıqlama verdi. Onun sözlərinə görə, hadisə dostunun toy məclisində olarkən baş verib: “Mənə məxsus “Nissan-Murano” markalı avtomobil dünən “Kral” şadlıq saryının qarşısından keçmiş həyat yoldaşım Təranəvə Səmədova tərəfindən qaçırılıb. O, toy məclisi zamanı stolun üstündən açarları oğurlayaraq maşını qaçırdı. Çox müqavimət göstərsəm də, maşını onun əlindən almaq mümkün olmadı. Qapılar bağlı olduğundan maşını onun əlindən ala bilmədim. Hətta maşının şüşələrini sındırmağa cəhd etsəm də, bu, mümkün olmadı. Təranənin maşınla qəza törətməsi, adam vurmasından qorxduğumdam dərhal “102” xidmətinə zəng etdim. Əgər bir hadisə olsaydı bu cinayət mənim üstümdə qalardı. Polisə getdim və şikayət etdim. Əməliyyat tədbirləri nəticəsində Təranə tapıldı və maşın özümə qaytarıldı. Ancaq avtomobilimdəki 3000 manat pul oğurlanıb. Həmin pul mənə məxsus deyildi, onu qohumlarıma çatdırmalı idim. Hətta mənim toya yazdırmağa pulum qalmadığından borc almışam” - deyə Kərim açıqlama verdi.

Kərim keçmiş həyat yoldaşı ilə bank mübahisəsinə də aydınlıq gətirdi: “Bununla bağlı məhkəmə prosesləri olub. Mən bütün instansiyaları udmuşam. Təranənin nə şikayəti varsa, polisə müraciət edə bilər. Ancaq onun mənim maşınımı oğurlamağa ixtiyarı yoxdu. İtən əşyalara da o, cavabdehdir. Ancaq mənə məlum olmayan səbəbdən polis Təranədən izahat alaraq sərbəst buraxıb”.

Kərim artıq öz həyatına görə qorxur: "Əgər başıma bir iş gəlsə, bıçaqlansam və ya buna bənzər hadisələr olsa, günahkar mütləq Təranə Səmədovadır". anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar