Jerar Depardye Fransa vətəndaşlığından imtina etdi
16 Dekabr 2012 Bazar 12:19
Aktyor Jerar Depardye: Ölkəni tərk edənlərdən heç kəs mənim qədər təhqir olunmayıb.
Məşhur aktyor Jerar Depardye Fransa vətəndaşlığından imtina edib. Bu barədə o, Fransanın baş naziri Jan-Mark Eyroya açıq məktubunda yazıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Jerar Depardye qərarını bu cür açıqlayıb: "Ölkəni tərk edən heç kəs mənim qədər təhqir olunmayıb. Cənab Eyro siz kimsiniz ki, məni qınayırsınız? Mən öz pasportumu və heç vaxt istifadə etmədiyim sosial sığorta nömrəmi sizə verirəm. Bundan sonra mənim sizlə birgə vətənim yoxdur. Mən bundan sonra atamın mənə öyrətdiyi kimi dünya vətəndaşı və avropalıyam".

Qeyd edək ki, Jerar Depardye ötən həftə Fransadan köçərək Belçikada yaşamağa qərar vermişdi. Onun bir çox varlı fransızlar kimi sosialistlərin hakimiyyətə gəlməsindən sonra artan vergilərdən yaxa qurtarmağa çalışdığı bildirilir. Bundan əvvəl isə "Lui Vitton-Moe-Hennessi" /LVMH/ zinət əşyaları şirkətinin sahibi, "Forbes" jurnalının verdiyasına görə, varidatı 41 milyard dollar olan ölkənin ən varlı şəxslərindən biri Bernar Arno Belçika vətəndaşlığını qəbul etmişdi.

Qeyd edək ki, prezident Fransua Ollandın təşəbbüsü ilə Fransa siosialist hökuməti bu yaxınlarda "varlılar üçün vergi"nin tətbiqini planlaşdırır. Qəbul edilmiş qanun nəticəsində 2012-13-cü illər ərzində dövlətin gəlirlərinin 13 milyard avro artacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar