Bir neçə gün əvvəl Bakıda qız toyu olan müğənni İradə İbrahimova sabah Türkiyəyə yola düşəcək.
İ. İbrahimovanın mətbuat katibinin APA-ya verdiyi məlumata görə, artıq bəy - Ceyhun İzzət Türkiyəyə gedib, müğənni isə cehiz hazırlığı ilə əlaqədar səfərini bir müddət təxirə salmalı olub. Müğənni Türkiyəyə özünə məxsus əşyalarla yanaşı, adət-ənənəyə uyğun olaraq cehiz aparacaq.
Sabahdan etibarən İradə və Ceyhun İstanbulda keçiriləcək oğlan toyunun hazırlığına başlayacaq. Toya İ. İbrahimovanın ailə üzvləri və yaxın qohumları da qatılacaq. Aprelin 19-da keçiriləcək oğlan toyunun səhərisi isə cütlük bal ayına yollanacaq. Bal ayını keçirəcəklərini hələlik sirr saxlayan cütlüyün İ. İbrahimovanın çox sevdiyi ölkələrdən birinə gedəcəyi bildirilir.
Həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşamağa qərar verən sənətçi, iş olduqca Azərbaycana da gələcək.
APA