İradə ondan gizli saxlanılan bəd xəbərdən agah oldu
14 Dekabr 2010 Çərşənbə Axşamı 11:40
Müğənni atasının 40 mərasimində iştirak edə bilib
Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova atasının ölüm xəbərindən 40 gün sonra xəbər tutdu. ANS RESS-in məlumatına görə, müğənniyə atasının yalnız 40 mərasimində iştirak etmək nəsib olub.
Atasının öldüyü vaxt müğənni hamiləliyinin son günlərini yaşadığından və həkimin ona təyyarəyə minməyi qadağan etdiyindən ailəsi ona belə bir bəd xəbəri verməməyi qərara alıb. Hətta biz jurnalistlərdən də bu xəbəri mətbuatda işıqlandırmamağı xahiş etmişdilər. Biz də ananın və dünyaya gələcək körpənin sağlamlığını təhlükəyə atmamaq üçün məlumatı ictimaiyyətə çatdırmamışdıq.
Bir ay bundan əvvəl, yəni atasının ölümündən 10 gün keçidikdən sonra ana olan İradə İbrahimovaya ailəsi bəd xəbəri bu günlərdə çox ehtiyatla çatdırıb. Ona sadəcə ağır xəstəlikdən İranda müalicə alan atasının Bakıya gətirildiyini deyiblər. Xəbəri eşidən müğənni, həyat yoldaşı Ceyhunla Bakıya gəlir və atasının artıq qırx gün bundan əvvəl dünyasını dəyişdiyini eşidir.
Qeyd edək ki, noyabrın 11-də ana olan İradə İbrahimova sənəd işləri hələ həll olunmadığından qızı İpəyi özü ilə Bakıya gətirə bilməyib. Bakıda olduğu müddətdə onun övladı ilə qayınanası və uşağın dayəsi məşğul olur.
DOSTLARINLA PAYLAŞ: