İradə İbrahimova: Bakıya gələndə özümü turist kimi hiss edirəm
04 Noyabr 2011 Cümə 15:42
İradə İbrahimova: Yenidən o illərə başlamaq istəmirəm.
Məşhur müğənni İradə İbrahimovanın ANS PRESS-ə eksklüziv müsahibəsi:

-Nə vaxtdan Bakıdasınız?
-Hardasa bir aya yaxındır ki, ailəmlə bərabər Bakıdayam. Bir çox səbəblərdən ötrü Bakıya gəldim, bir həftə sonra gedəcəyəm.

-Deməli, Qurban bayramını doğma Vətəndə keçirəcəksiniz.
-Bəli, Qurban bayramını ailəmizlə birlikdə Bakıda keçirəcəyik. Ziyarətlərimizi edəcəyik. Ondan sonra gedəcəyəm.

-Bakıya gəlməyə konkret səbəb vardı, yoxsa Vətən həsrəti sizi bura gətirdi?
-Əslində xeyir işlər vardı. Haradasa 2 ay idi ki, Türkiyədə idim. Darıxmışdım, həm də qızım İpək də xalalarını, nənəsini görüb tanıs olmalı idi. Bundan başqa, qızımın doğum gününü qeyd etdik, atamın ilini keçirdik. Bir çox səbəblər vardı.

Yəqin ki, bayramı Vətəndə keçirtmək, qurban kəsmək xoşdur?
-Əlbəttə, İnşallah qurban da kəsdirəcəyik, dualar da oxutduracağıq.



Necə fikirləşirsiniz, Bakıda yaşamaq gələcək planlara salına bilərmi?
-Yox, elə bir şey yoxdur. Amma Allahın işini bilmək olmaz. Bəlkə elə bir şey oldu ki, Bakıya köçməli olduq. Bəlkə iş təklifi oldu. Amma inana bilmirəm ki, ailəmlə birlikdə burada yaşaya bilək. Çünki, İstanbul kimi meqalapolisdə doğulub-böyüyən insan Bakıda yaşaya bilməz. Amma Bakı daha da gözəlləşir. Meqalapolisə çevrilir. Bakıya gələndə özümü turist kimi hiss edirəm. Yolları tanımıram. Gec-gec gəlmək belə olur da.

Bakı dəyişilir. yoxsa siz unudursunuz?
-Mən Bakıya tez-tez gəlirəm, sadəcə olaraq mətbuata bu barədə bildirmirəm. Bir həftəlik gəlirəm. Çox gəzmirəm. Uzağı restorana gedirəm. Amma şəhəri gəzəndə doğrudan da xeyli dəyişikliyin olduğunu gördüm.

Maşallah, türk dilini də yaxşı öyrənmisiniz. Hətta ana dili ilə qarışdırırsınız.
-Qarışdırmaq deyəndə ki, hamı qarışdırır. (gülür...) Gəlin siz də etiraf edin... Elə aparıcılardan tutmuş millət vəkillərinə qədər, həmçinin bir çox müğənnilər də Azərbaycan dilini başqa dillərlə qarışdırır. Əvvəl rus dili ilə qarışdırırdıq, indi bu qarışıqlığa türk dili də əlavə olunub. (gülür) Mən Türkiyədə yaşadığım üçün dilimdə dəyişiklik olması təəccüblü deyil. Buna görə utanmıram. Əksinə, şükürlər olsun ki, başım ucadır. Bizim ortaq dilimiz türk dilidir. Ona görə də, narahat deyiləm.

Türkiyə şou-biznesi...
-Aha, soruşmaq istəyirsiniz ki, Türkiyə şou-biznesinə qatılmaq istəyirsən? (gülür)

Yox, əslində başqa sual vermək istəyirdim, amma özünüz sualı verdinizsə, cavabını da verin.
-Vallah bu barədə fikirləşmirəm. Arada istəyim olur, amma sonra vaz keçirəm.



Bu tərəddüd nə ilə əlaqədardır?
-Çünki, orada yenidən başlamaq üçün böyük əmək sərf etməliyəm. Azərbaycanda az-çox İradə İbrahimova olaraq tanınmışam. Az da olsa sevənim var. Hiss edirəm ki, məni çox sevirlər. Amma orada sıfırdan başlamalıyam. Bu mənim üçün çətindir. Ailəli insanam, hər şeyi kənara qoya bilmərəm. Öncədən subay idim. Vaxtım vardı. İndi vaxtımın çoxunu ailəmə həsr edirəm. Ona görə çətinliyim var. Amma bu o demək deyil ki, mən Türkiyədə mahnılar yazdırmayacağam. Az da olsa, iş birliyim ola bilər. Musiqiçilərlə ünsiyyətdə ola bilərəm. Təbii ki, bu normaldır. Klip də çəkdiririk. Mən burada fəaliyyət göstərəndə mahnıları ora göndərirdik, orada mahnılar hazırlanırdı. Yəni, Türkiyədə iş birliyi qurduğumuz insanlar vardı, indi də ola bilər. Demirəm ki, gedib Türkiyədə Ebru Gündeş, Gülbən Ərgən səviyyəsində müğənni olacam. O səviyyədə olmaq üçün illər lazımdır. Özümü sevdirmək üçün illər və maliyyə lazımdır. Bundan başqa bəxt də lazımdır, gözəl mahnı yazılmalıdır, gözəl layihə qurulmalıdır və s. Bunların hamısını keçmişəm və yenidən o illərə başlamaq istəmirəm.

Həyat yoldaşın necə, Türkiyədə şou-biznesinə qatılmağınıza necə münasibət bəsləyir?
-Məni həmişə dəstəkləyir. Mənim arxamdadır. Amma o deyir ki, mənim bu işlərdən başım çıxmır. Bu işləri sən yaxşı bilirsən.

İradə xanım, Azərbaycanda hər bir şəxs ən azı 2 türk müğənnisinin adını bilir. Türkiyədə necə, Azərbaycan müğənnilərini tanıyırlarmı?/b>
-Tanıyırlar, amma bizim onları tanıdığımız qədər yox. Mən hələ bu sualın cavabını tapa bilməmişəm ki, niyə biz onları çox tanıyır, onlara çox qulaq asırıq, amma onlar yox. Halbuki, bizim mədəniyyətimiz daha yüksəkdədir. Musiqilərimiz daha yaxşıdır, daha səviyyəli, daha dolğundur. Mən belə hesab edirəm. Amam başa düşə bilmirəm ki, niyə biz xarici musiqiləri və müğənniləri bilirik, amma bizi yaxşı tanıyan yoxdur. Ancaq peşəkar musiqiçilər musiqilərimizi dinləyəyirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar