İpoteka istiqrazları yerləşdiriləcək
16 Dekabr 2011 Cümə 20:01
Gələn həftə hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq.
Gələn həftə, 20 dekabr tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq. İpoteka Fondundan ANS PRESS-ə verilən məlumata görə, istiqrazlar 100,6417 qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi – 28 avqust 2018-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 23 sentyabr 2011-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 milyon manta təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Qeyd edək ki, bu istiqrazların yerləşdirilməsinə 04 oktyabr 2011-ci il tarixində başlanılıb və hərraca bu günədək 14 milyon manat həcmində istiqraz yerləşdirilıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar