"Heç kimə icazə verməyəcəm mənim mülkiyyətimə təcavüz etsin!" deyə həmkarlarına qadağa qoyan xalq artisti İlhamə Quliyevanın "Neylərsən?" mahnısı təcavüzə uğradı. ANS PRESS-in məlumatına görə, bəstəkar Faiq Sücəddinovun şairə Nuridə Atəşin sözlərinə məxsusi olaraq səhnəmizin primadonnası üçün bəstələdiyi mahnı müğənni Rəqsanənin "təcavüzünə" məruz qalıb.
Rəqsanə "Neylərsən?" mahnısını klipmeyker Zöhrab Ağayevin ad günü məclisində canlı ifa edib. İlhamə Quliyevanın ifasında şedevr hesab olunan bəstəni Rəqsanə özünəməxsus tərzdə oxuyub. Primadonnanın "Mənin ifamı təkrarlamaq mümkün deyil!" fikri öz təsdiqini tapıb. İfa qonaqlar tərəfindən bəyənilib alqışlarla qarşılansa da, İlhamə xanımın təkrarolunmaz ifasının yerini verməyib.
Xatırladaq ki, Yadınızdadırsa təxminən ilyarım qabaq səhnəmizin primadonnası, xalq artisti İlhamə Quliyeva ANS-in efirində canlı yayımdan səslənərək mülkiyyəti hesab etdiyi mahnıların başqa müğənnilər tərəfindən mənimsənilməsinə qadağa qoymuşdu. Sənətkar o zaman qadağasını belə əsaslandırmışdı: "Əgər korifey bəstəkarımız Fikrət Əmirov 70-ci illərdə şəxsən mənim üçün silsilə mahnılar yazıbsa, demək bu mənim mülkiyyətim sayılır. Emin Sabitoğlu şəxsən mənim səs tembrimə, ifa tərzimə mahnılar bəstələyibsə, bu mənim mülkiyyətim deyil, bəs nədir? Faiq Sücəddinov, Novruz Aslan şəxsən mənim ifamdan bəhrələnib bəstələr yaradırlarsa, bu bəstələr mənim şəxsi mülkiyyətim hesab edilir".
Mövzu ilə əlaqəli link: http://anspress.com/index.php?a=2&lng=az&nid=85756