İlhamə Quliyeva və Nazpəri Dostəliyeva davalı olub
02 Mart 2013 Şənbə 12:21
Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında soyuq müharibə davaya çevrilib.
Azərbaycan səhnəsi müharibə şəraitindədir. Xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında 10 ildir davam edən soyuq müharibə açıq-aşkar davaya çevrilib. ANS PRESS-in məlumatına görə, İlhamə Quliyevanın xalq artistləri Nazpəri Dostəliyeva və Məleykə Əsədovanın, eləcə də rejissor - aktyor Sərxan Kərəmoğlunun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxışının ardınca Nazpəri Dostəliyevanın "bandotdelə" çağrılaraq dindirilməsi atəşkəsi böyük çaplı silahlarla pozulmasından xəbər verir.
Və xalq artisti İlhamə Quliyevanın şikayət ərizəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan xalq artisti Nazpəri Dostəliyevanın mətbuatda dərc edilən açıq məktubu məsələnin daha da ciddiləşdiyini göstərir. Deyilənlərə görə, İ.Quliyevanın şou-biznesdəki hegemonluğuna son qoyulması istəyi ilə N.Dostəliyevanın ölkə başçısına ünvanladığı açıq məktubuna daxili işlər naziri Ramil Usubov da reaksiya verib. Qafqazinfo.az-ın məlumatına görə, şou-biznes qalmaqalında “bandotdel”in rəisi Mirqafar Seyidovun adının hallanmasından narahat olan nazir, onu çağıraraq ciddi şəkildə tənbeh edib.
İlhamə Quliyeva öz növbəsində N.Dostəliyevanın irəli sürdüyü ittihamlara müxtəlif cavablar verib;
Xalq artisti lent.az-a müsahibəsində Nazpəri Dostəliyevanın onun ərizəsi ilə “Bandotdelə” çağırılmasını təsdiq edib: “Bəli. Ona həddini göstərmək lazım idi. Nə tez unutdu dekabrda çıxıb efirdə mənim dediyim sözləri çox ədəbsizcəsinə təkrar etməsi? İndi məndən şikayət edir. Qara məni basınca qoy qaranı mən basım?”
O, publika.az-a açıqlamasında isə, "Ağ yalandır, həqiqətə uyğun gəlməyən açıqlamadır. Bu barədə yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyəm".-deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl xalq artisti İlhamə Quliyeva xalq artistləri Nazpəri Dostəliyeva və Məleykə Əsədovanın, eləcə də rejissor və aktyor Sərxan Kərəmoğlunun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış etmişdi. İ.Quliyeva adıçəkilən sənətçilərin onu təhqir etdiyinə görə bu addımı atdığını demişdi: “Nazpəri Dostəliyeva, Məleykə Əsədova və Sərxan Kərəmoğlu efirlərdə çıxış edərkən mənim ünvanıma təhqirlər işlədiblər. Sərxan isə öz parodiyası ilə məni gülünc vəziyyətə qoyub. Təəssüf ki, mən onlara vaxtında cavab verə bilməmişəm, çünki səfərdə olmuşam. Lakin məndə bütün lazımi videomateriallar və sözlərimi təsdiq edən dəlillər var. Bu səbəbdən Daxili İşlər Nazirliyinə və digər müvafiq strukturlara müraciət etmişəm ki, onlar inzibati məsuliyyətə cəlb olunsunlar. Əgər üzr istəməsələr, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Nazpəri artıq bu orqanlara çağırılıb. Məleykə və Sərxanı da eyni aqibət gözləyir. Mən bu üçlüyün ictimai şəkildə üzr istəməsini tələb edirəm. Əks təqdirdə Azərbaycanın Cinayət Məcəlləsinin tələblərinə uyğun məsuliyyət daşıyacaqlar”.
DOSTLARINLA PAYLAŞ: