İlahi ifaçısı Samir Salam Ramazanda konsert verməyə sponsor tapa bilmir
21 Avqust 2010 Şənbə 14:30
Samir Salam: "Bütün təşkilatçılar bizimlə işləməkdən boyun qaçırır".
Ramazan bayramında "Salam" adı altında konsert verməyə hazırlaşan ilahilər ifaçısı Samir Salam çıxış etməyə məkan tapa bilmir. İfaçı ANS PRESS-ə açıqlamasında təşkilatçılıq problemi ilə üzləşdiyini bildirib.
" Ramazan bayramında mömin qardaş və bacılarımızın qarşısında çıxış etmək istəyirik. Gözəl ilahilər də yazdırmışıq. Lakin təşkilatçılıq məsələsində problemlərlə üzləşirik. Yaşıl teatr, Gənc Tamaşaçılar Teatrı və Bakı Əyləncə Mərkəzi ilə danışıqlar aparılıb. Amma hələ dəqiq bir söz deyilməyib. Əslində əsas problem maddiyatla bağlıdır. Bütün təşkilatçılar bizimlə işləməkdən boyun qaçırır. Bilet satışının baş tutmayacağından qorxurlar. Məhz bu səbəbdən sponsorlar da əl tutmurlar. Hər kəs maddiyatı düşünür. Lakin nə mən, nə də mənimlə birlikdə bu konserti vermək həvəsində olan musiqiçilər bu konsertdən maddi xeyir güdmürük. Biz sadəcə olaraq mənəviyyata, dinə, İslama, əxlaqa xidmət etmək istəyirik. Buna görə də mükafatımızın daha böyük olacağına inanırıq!", - deyə Samir Salam vurğulayıb.
İfaçı gileylənsə də, ona kömək etmək istəyənlərin olduğunu da bildirdi: "Bir neçə hacı qardaşlarımız var ki, bizə bu işdə köməklik göstərirlər. Bu müqəddəs ayda Allaha yaxın olmaq üçün bizə verilən müqəddəs məqamdan yararlanmaq istəyənlər də var. Hidayətli bəndələr bu müqəddəs günlərdən istifadə edib xeyir əməllərlə, savab işlərlə hər an İlahiyə yaxınlaşmağa can atırlar. Əlimdən nə gəlir? Yalnız və yalnız hər kəsə hidayət diləyirəm!"
Samir Salam konsertin repertuarının artıq tam hazır olduğunu söyləyir: "Çox gözəl ilahilər yazdırmışıq. "Salam" qrupu, "Rövşən ritm qrupu", məni xorda müşayiət edən "Bakı" qrupu olduqca həvəslə məşqlər edirik. İlahilərimiz Allah sevgisindən tutmuş, dinə - imana, əxlaqa, peyğəmbərimizə, imamlarımıza həsr olunub."
Samir Salam Ramazan bayramına həsr etdiyi "Salam" konsertini 10 sentyabrda keçirtməyi nəzərdə tutub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: