İbrahim Tatlısəsin həkimi ANS-ə danışdı
15 Mart 2011 Çərşənbə Axşamı 11:12
Həkimlər bu gün sənətçinin bədəninin iflic olub-olmamasını aydınlaşdıracaqlar
Silahlı hücuma məruz qalan məşhur türk müğənnisi İbrahim Tatlısəsin vəziyyəti ağır olaraq qalır. Bu barədə ANS-ə onun müalicə aldığı Maslak Acıbadem Xəstəxanasının baş həkimi Çağlar Cuhadaroğlu məlumat verib.

Bu gün həkimlər İbrahim Tatlısəsin yuxudan ayılmasına icazə verəcəklər. Bundan sonra, onun bədəninin iflic olub-olmaması aydınlaşacaq.

Silahlı hücum müğənni və köməkçisi dünən gecə saatlarında Türkiyənin Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından "Kalaşnikov" markalı silahla atəşə tutulub.

Nəticədə İbrahim Tatlısəs başından, köməkçisi isə boğazından güllə yarası alıb. Sənətçi dərhal özəl xəstəxanalardan birinə aparılıb. Orada ilkin yardımdan sonra Maslak Acıbadem Xəstəxanasına çatdırılıb. Müğənni 5 saat ərzində əməliyyat olunub. Həkimlərin sözlərinə görə, güllə müğənninin başına arxadan girərək öndən çıxıb və sağ beyin sümüyündə sınıq əmələ gəlib. İbrahim Tatlısəsin beynində qanaxma və burun nahiyəsində güllə izi olub. Bu səbəbdən müğənni həmçinin plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun 24 saat ərzində yatırdılması qərara alınıb. Baş həkim müğənninin bədəninin bir hissəsinin iflic ola biləcəyini istisna etməyib. İlkin ehtimallara görə, müğənni səsini də itirə bilər.

Polis İbrahim Tatlısəsin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 giliz tapılaraq aktlaşdırılıb.

İbrahim Tatlisəsin bir müddət öncə Şişli polisinə telefonla 3 ölüm təhdi aldığı barədə məlumat veribmiş. Müğənniyə qarşı sui-qəsdin baş verməsi ilə bağlı 3 versiya səsləndirilir.

I- siyasətə qoşulan İbrahim Tatlısəsin nüfuzu böyük olduğundan siyasi rəqibləri onu aralarında görmək istəmir,

II- PKK izidir, çünki hadisə yerindən tapılan giliz və güllələrin aid olduğu “Kalaşnikov” silahından daha çox PKK-çılar istifadə edir,

III İbonun Şimali İraqda tikinti sektoruna girməsidir. Belə ki, müğənninin ilyarım əvvəl bu ölkədə tikinti sahəsinə böyük məbləğdə vəsait qoyması bəzi tikinti sahibkarlarını narahat edir.

Hadisə şahidləri isə sənətkarın yaralandıqdan sonra dediyi son sözləri açıqlayıblar. Onların sözlərinə görə, qan içində yerdə yatan İbrahim Tatlısəs qırıq-qırıq, amma düzgün tələffüzlə belə deyib: “Olurmu yaaa? Olurmu hiç?”.

Hələlik "İmperator"un bu sözləri nə mənada dediyi bilinmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar