İbrahim Tatlısəsin durumu kritikdir
14 Mart 2011 Bazar Ertəsi 15:36
Xəstəxanadan sənətçinin sol tərəfinin iflic olduğu açıqlanıb
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ sui-qəsd nəticəsində ağır yaralanmış məşhur müğənni İbrahim Tatlısəsin durumu haqqında qısa açıqlama ilə çıxış edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, nazir İ. Tatlısəsin vəziyyətinin kritik olduğunu bildirib: “Mənə çatan məlumata görə, İbrahim Tatlısəsin durumu kritikdir. Ona təcili şəfa diləyirik”.
Sənətçinin müalicə olunduğu İstanbulun Maslak məhəlləsindəki “Acıbadəm” xəstəxanasından isə gün ərzində ikinci açıqlama verilib. Açıqlamada deyilir ki, İ. Tatlısəs xəstəxanaya gətirilərkən sol tərəfi iflic vəziyyətdə olub: “Beynində ciddi xəsarət var. Beyin sümüyü parçalanıb. Lazımi tibbi müdaxilə edilib”. Xəstəxanadan bildirilib ki, İ. Tatlısəsın həyatına təhlükə sovuşarsa o, danışmaqda problem çəkməyəcək, lakin iflic halının davam edib-etməyəcəyini söyləmək hələlik mümkün deyil.
İstanbul valisi Hüseyn Avni Mutlu da hadisə haqqında rəsmi açıqlama yayıb. O, sui-qəsdi həyata keçirənlərin azı 2 nəfər olduğunu deyib: “Eyni silahdan 11 dəfə atəş açılıb. Ancaq avtomobilə 4 güllə dəyib. İkisi Tatlısəs və köməkçisinə, ikisi də avtomobilin başqa yerlərinə. Polis hadisəni törədənləri aşkarlamaq üçün çox ciddi çalışır. Ən qısa müddətdə bu şəxslər yaxalanaraq məhkəməyə çıxarılacaq”.
Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan İ. Tatlısəsin müalicəsi üçün nə lazımdırsa edilməsi haqqında göstəriş verib.
DOSTLARINLA PAYLAŞ: