İbrahim Tatlısəs Almaniyaya uçdu
06 Aprel 2011 Çərşənbə 12:12
Türkiyəli məşhur müğənni müalicəsini Hamburq şəhərindəki xəstəxanalardan birində davam etdirəcək
Martın 14-də “İbo Şou” proqramından çıxarkən silahlı hücuma məruz qalaraq, başından güllə yarası alan və Acıbadəm Maslak Xəstəxanasında 23 gün müalicə olunan türkiyəli məşhur müğənni İbrahim Tatlısəs xəstəxanadan çıxarılıb. İbrahim Tatlısəs xəstəxananın təcili yardım maşını ilə təhlükəsizlik tədbirləri altında İstanbul Atatürk Hava Limanına aparılıb, oradan isə həkimləri ilə birgə Səhiyyə Nazirliyi tərəfindən ayrılmış təyyarə ilə Almaniyaya yola düşüb.
Bədəninin sağ tərəfi iflic olan Tatlısıs Hamburq şəhərindəki xəstəxanalardan birində müalicəsini davam etdirəcək. Sənətçinin yaxınları isə onunla birlikdə təyyarəyə buraxılmadıqları üçün bir neçə saat sonra xüsusi ayrılmış təyyarə ilə Almaniyaya uçublar.
Silahlı hücumdan möcüzə nəticəsində sağ qalan İbrahim Tatlısəsi qorumaq üçün 2 polis əməkdaşı da ayrılıb. Polislərdən biri iki gün əvvəl İbrahim Tatlısəsin müalicə olunduğu xəstəxanada kəşfiyyata başlayıb. Giriş və çıxışları nəzarət altına alan polis məmuruna Almaniyada mühafizə vəzifəsini yerinə yetirməyə icazə verilməyib. Bunun üçün iki ölkə arasında diplomatik danışıqlar başlayıb. Digər mühafizə polisi isə Tatlısəslə birlikdə Almaniyaya gedib.
Oğlu İdo isə viza problemi ucbatından atasının ilk günlərində yanında ola bilməyəcək. O, yalnız bir neçə gün sonra Almaniyaya gedə biləcək.
DOSTLARINLA PAYLAŞ: