Hələ çox yeni rollar oynayacağam
11 Mart 2011 Cümə 12:56
Xalq artisti doğma sənət ocağında
Xalq artisti Yaşar Nuri 40 ilini Azərbaycan mədəniyyətinə, teatr sənətinə həsr edib. Bəlkə də onun səhnə məhəbbəti idi ki, 4 aydır bizi sənətkardan ayrı salan xəstəliyinə qalib gəldi. Xalq artisti Yaşar Nuri öz tamaşaçıları ilə Milli Teatr Günündə doğma sənət ocağında Akademik Milli Dram Teatrında görüşdü.
“Mən özümü teatrsız barmağı yarıya qədər kəsilən adam kimi hiss edirəm. Yarıbarmaqla yaşamaq olmaz. Ya gərək birdəfəlik kəsib atasan, ya da yaşamayasan. Mən teatrı təmirdən sonra görməmişdim. Özümü güclə saxlayırdım. Həmin qapıdır. Amma təmir olunub. Mənə əsas kollektivin istiliyi lazım idi. Bəlkə də başqa bir daxmada da bu kollektiv qarşıma çıxsaydı mən yenə həminki hissləri keçirəcəkdim”, - deyə Yaşar Nuri vurğulayıb.
138 yaşlı Akademik Milli Dram Teatrında bir çox sənətkarların xidməti olub. İki əsrin qovşağında yaşayan xalq artisti Yaşar Nuri bu teatrın səhnəsində “Hacı Qara” da Bədəl, “Dəli Yığıncağı”nda Sərsəm Salman, “Bizim Qəribə Taleyimiz”də Davud, “Lənkəran Xanının Vəziri”ndə Mirzə Həbib, “Ölülər”də Məşədi Oruc və başqa tamaşalarda canlandırdığı obrazlarla böyük tamaşaçı rəğbəti qazanıb.
Xatırladaq ki, 2 il bundan əvvəl xalq artistinin səhhətində yaranan problem onu səhnədən aralı saldı. Lakin İstanbulun Memorial xəstəxanasında müalicəsi uğurla keçən Yaşar Nuri səhnəyə qayıtdı. Amma bu da uzun sürmədi. Ötən ilin noyabr ayında yüksək təzyiq diaqnozu ilə yenidən adı çəkilən xəstəxanada müalicə alır.
Onu da nəzərinizə çatdıraq ki, Yaşar Nuri müalicəsini davam etdirmək üçün yenidən Türkiyəyə gedəcək. Biz də xalq artistimizə yeni obrazlar bəxş etməyi üçün can sağlığı arzulayırıq.
DOSTLARINLA PAYLAŞ: