Hande Yener: “Lady Gaganı təqlid etmirəm, belə fikrim də yoxdur”
13 Noyabr 2010 Şənbə 10:55
Hande Yener: “Bu gecə müdhiş bir gecə oldu və Bakıda verdiyim bu konsert uzun zaman xatirimdə qalacaq”.
Bakı. Ülkər Qasımova-APA. “Mən Azərbaycana aşiq oldum. Bu cür coşğunu, sevgini gözləmirdim, ancaq bu sevgini hiss etdim və bu mənim üçün çox önəmlidir. Tam səmimiyyətimlə deyirəm, Bakıya aşiq oldum, bu ilk gəlişim olsa da, bundan sonra bu şəhərə tez-tez gələcəyəm”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ötən gün Bakı səhnəsində konsert proqramı ilə çıxış edən türkiyəli müğənni, “Handeyə nələr oluyor” albomu ilə yenidən gündəmə gələn və Azərbaycanda çoxsaylı pərəstişkara sahiblənən Hande Yener deyib.

Konsertdən sonra yerli media mənsubların suallarını cavablandıran sənətçi Azərbaycan xalqı ilə bu qədər tez anlaşa bilməsinə ürəkdən sevindiyini dilə gətirib: “Bu qədər eyni ortaq nöqtəmizin olması həqiqətən də mükəmməl bir şeydir. Bu gecə müdhiş bir gecə oldu və uzun zaman bu konsert xatirimdə qalacaq. Ümid edirəm ki, çox qısa bir zamanda yenidən Bakıya gəlmək imkanım olacaq”. 10 ildir Bakıya ilk dəfə gəldiyini deyən Hande Yener tamaşaçılarla arasında çox böyük bir sevgi yarandığını deyib. Müğənni açıqlamasında səhnədə və hər çıxışında enerjili görünməsinin səbəblərini də açıqlayıb: “Bu cür enerjili görünməyimin səbəbi sənətimi çox sevməyim və əlbəttə ki özümə çox yaxşı baxmağımdır. Yuxuma, qidama diqqət edirəm, işimə çox dəyər verirəm. Hər bir konsertimdən bir gün öncə mütləq istirahət edirəm və bir gün ərzində evdə otururam. Bütün enerjimi dinləyicimə, pərəstişkarıma bəxş edirəm. O səbəbdən də sizlərə belə təsir bağışlayıram”.

Azərbaycanlı həmkarlarından heç kimi tanımadığını da cəsarətlə etiraf edən Hande Yener Azərbaycanda olduğu müddətdə gənc müğənni Diana ilə tanış olduğunu qeyd edib: “Çox üzr istəyirəm, amma azərbaycanlı müğənnilərlə bağlı çox bilgiyə sahib deyiləm. Bu gün bir azərbaycanlı dostumuzla tanış oldum, adı Diana idi. O da mənə “Romio”nu ifa etmək istəyini bildirdi. Mən əgər konsertimdə azərbaycanlı həmkarlarımın iştirak etdiyini bilsəydim, mütləq onları səhnəyə dəvət edərdim. Kaş ki, öncədən bu barədə məlumatlandırılardım”.

Hande Yener onun Lady Gagaya bənzədilməsini və Türkiyənin Lady Gagası adlandırılmasına da münasibət bildirib: “Mən dünyadakı bütün ulduzlara hörmət edirəm, amma uzun illərdir öz tərzimdə çıxış edirəm. Kamal Doğulu ilə çalışıram və bütün imicimlə o məşğul olur. 8 ildir ki onunla əməkdaşlıq edirəm. Bizdə öz çərçivəmizdə çılğınlıqlar edirik, ancaq o dünya ulduzu olduğu üçün daha çox diqqət çəkir. Ancaq mən Lady Gaganı təqlid etmirəm və bu fikirdə də deyiləm”.


Bütün sualları cavablandıran müğənni Hadisə Açıqgözün keçmiş sevgilisi Sinan Akgüllə aralarında eşq yaşadığı və ana olmağa hazırlaşdığı barədə yayılan xəbərlərlə bağlı sualı cavablandırmaq istəməyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar