Türkiyəni “Eurovision-2009” mahnı yarışmasında təmsil etmiş Hadisə Açıqgöz yaxın vaxtlarda Azərbaycandakı pərəstişkarlarını sevindirəcək.
Aparılan danışıqların nəticəsi olaraq türkiyəli müğənni Bakıda konsert verməyə razılaşıb. Konsertin təşkilatçısı Səadət Əhmədovanın APA-ya verdiyi məlumata görə, Hadisə iyulun 2-də Yaşıl Teatr Konsert Kompleksində möhtəşəm proqramla çıxış edəcək: “Artıq danışıqlar aparılıb və Hadisə Bakıda konsert verməyə razılaşıb. Artıq konsertin hazırlıqlarına başlamışıq və bütün tamaşaçıların bu konsertdən məmnun qalacağına əminik. “Eurovision-2009” həyəcanını Azərbaycan tamaşaçılarına da yaşatmaq istəyindəyik”.
S. Əhmədovanın sözlərinə görə, Hadisə konsertdə öz musiqiçiləri və rəqqasları ilə birgə səhnəyə çıxacaq. Konsertdən bir gün əvvəl Bakıya gələcək Hadisə “Eurovision-2009” müsabiqəsində ona dəstək olan Azərbaycan xalqı qarşısında ən yeni mahnılarını ifa edəcək.
Təşkilatçı konsertin biletlərinin qiymətinin yaxın günlərdə müəyyənləşəcəyini bildirib. Konsertlə bağlı reklam çarxlarının nümayişinə və paytaxt küçələrində afişaların yerləşdirilməsi işlərinə də yaxın günlərdə başlanacaq.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
APA