"Hadi-hadi" klipi Nadir Qafarzadəni özündən çıxartdı
01 Mart 2010 Bazar Ertəsi 14:50
“Humay qızlar üçlüyü” adlı qrup ilk klipini təqdim edib
“Humay qızlar üçlüyü” qrupu ilk klipinin təqdimatını keçirib. ANS PRESS-in məlumatın görə, üçlük ilk klipini türk müğənnisi İbrahim Tatlısəsəsin repertuarından “Hadi-hadi” mahnısına çəkdirib. Qızlar türk musiqisini xalq artisti "Gecə yaman uzundur" retro mahnısının musiqisi ilə sintez ediblər.

Tədbirdə qonaq qismində iştirak edən Nadir Qafarzadə klipi izlədikdən sonra, "Türk musiqisi Azərbaycanı baş alıb gedir. Xahiş edirəm bundan sonra öz musiqimizə müraciət edəsiniz", deyərək qızlara iradını bildirib. Müğənni Röya isə qızların ifasını o dərəcədə bəyənib ki, yerindən "Qızların növbəti klipi mənimlə olacaq", deyə qışqırıb.

Klipin rejissoru Rüfət Nəzərli, operatoru Elmir Süleymanov, rəssam dizayneri Minarə Quliyevadır. Klip HD formatlı rəqəmsal kamera ilə çəkilib. Klipin Azərbaycan televiziyaları ilə yanaşı, Türkiyə kanallarında yayımlanması nəzərdə tutulub.

Təqdimat mərasimində media nümayəndələri ilə yanaşı, Mədəniyyət və İncəsənət Universitetinin dekanı Vamiq Məmmədəliyev, bəstəkar Vaqif Gərayzadə, xalq artisti Mənsum İbrahimov, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm” qrupu, rəqqasə Fatimə, ANS TV-nin aparıcısı Gülnarə Məmmədova, qarmon ifaçısı, əməkdar artist Ənvər Sadıqov, skripkaçı Səlim Abbasov, gitara ifaçısı Elman Namazoğlu, müğənnilər Röya, Abbas Bağırov, Nadir Qafarzadə, Gülay və "Aypara" qrupu iştirak edib.

Xatırladaq ki, qrup Türkiyənin tanınmış sənətçiləri Tarkan, Sərdar Ortac və Rafet El Romanın H.Əliyev Sarayındakı konsertlərini milli musiqi alətləri ilə müşayiət ediblər.

Qeyd edək ki, qrup 2003-cü ildə yaradılıb və bu müddətdə ölkəmizi milli musiqilərimizlə bir neçə xarici ölkədə təmsil edib. Üçlüyün üzvləri: Humay Qədimova - tar (ud),Sevinc Bağıyeva - kamança və Mahirə Qurbanova - nağarada (zərb) ifa edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar