Gürcüstan və Latviya Eurovision-2012 təmsilçisini seçib
20 Fevral 2012 Bazar Ertəsi 10:30
Gürcüstanın milli finalında Azərbaycan təmsilçisi Səbinə Babayeva çıxış edib
Bakı. Ülkər Rəşidqızı-APA. Gürcüstan may ayında Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirak edəcək təmsilçisini müəyyənləşdirib. APA-nın məlumatına görə, mötəbər müsabiqədə Gürcüstanı Anri Jokhadze “I’m a jocker” mahnısı ilə təmsil edəcək. Anri Jokhadze milli final gecəsində 9 ifaçı arasında qalib olub və təmsilçi adını qazanıb. Gürcüstanın müsabiqə təmsilçisi münsiflər heyətinin rəyi və tamaşaçı göndərdiyi SMS-lərlə müəyyən edilib. Münsiflər heyətində Gürcüstanı 2007-ci ildə eyni müsabiqədə təmsil edən Sofo Xalvaşi (Sopho Khalvashi) və 2010-cu il təmsilçisi Sofo Nijaradze (Sopho Nijaradze) təmsil olunub. Gürcüstanın milli final gecəsində Azərbaycanın Eurovision-2012 təmsilçisi Səbinə Babayeva da çıxış edib. Təmsilçimiz yarışmaçılara Aretha Franklinin “(You make me feel like) A Natural Woman” mahnısı ilə dəstək olub. Gürcüstanı builki müsabiqədə təmsil etmək şansı qazanan Anri, həm də Səbinə Babayevanın yaxın dostudur. Bu zamana kimi Səbinə Babayeva Gürcüstan təmsilçisi ilə bir neçə dəfə eyni səhnəni bölüşüb, hətta iki ölkə təmsilçisi “Sixvarulis Tamashi” (“Sevgi oyunları”) adlı mahnını birlikdə ifa ediblər.
Latviyanın da Eurovision 2012-dəki təmsilçisi müəyyənləşib. Ölkənin milli seçimlərinin qalibi Anmari (Anmary) adlı müğənni olub. O, finalda “Beautiful Song” mahnısını ifa edib. Ölkənin qalibi əsas finalda 3 ifaçı arasından seçilib. Rus əsilli müğənni Anmari Latviyada keçirilən “Talantu Fabrika 2” müsabiqəsində ikinci yeri qazanıb. Latviya Musiqi Akademiyasında təhsil alan Anmari “Eurovision” mahnı müsabiqəsinin mayın 22-də keçiriləcək I yarımfinalında çıxış edəcək.
Xorvatiyada isə “Eurovision-2012” üçün seçilmiş mahnının təqdimatı baş tutub. Mahnının təqdimatı üçün təşkil olunan xüsusi şouda bu ölkəni müsabiqədə təmsil edəcək Nina Badriç (Nina Badrić) “Nebo” mahnısını təqdim edib. Mahnının sözləri və bəstəsi təmsilçinin özünə aiddir. Şounun qonaqları sırasında Makedoniya, Monteneqro, Bosniya və Herseqovinanın builki təmsilçiləri də olublar.
İtaliyada isə ənənəvi olaraq keçirilən məşhur “Sanremo” musiqi festivalı başa çatıb. APA-nın məlumatına görə, fevralın 14-dən başlayan bu festival ötən gün Eurovision-2012 təmsilçisinin elan olunması ilə yekunlaşıb. Gecənin xüsusi qonaqları sırasında “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal da olub. İtaliyanı bu il müsabiqədə təmsil edəcək müğənninin adı da onlar tərəfindən açıqlanıb. Festivalın bağlanış mərasiminin aparıcılıq missiyasını yerinə yetirən Gianni Morandi təmsilçinin adının açıqlanması üçün səhnəyə Eldar və Nigarı dəvət edib. Qalib duet İtaliyanın builki təmsilçiliyini Nina Zillin qazandığını açıqlayıb. İtaliya təmsilçisi səhnədə “Per Sempre” (“Forever”) mahnısını ifa edib.
Xatırladaq ki, İtaliya ötən il “Eurovision” yarışmasının ikincisi olub.
DOSTLARINLA PAYLAŞ: