Modelimiz Günay Musayeva “Best Model Çoçuk Türkiye”nin münsiflər heyətində yer alıb.
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Türkiyənin ən gözəl uşağını seçdi. ANS PRESS-in məlumatına görə, modelimiz Ankarada keçirilən “Best Model Çoçuk Türkiye” müsabiqəsinin münsiflər heyətində yer alıb. Günayla birlikdə münsiflər kürsüsündə “Best Model”in yaradıcısı və prezidenti Erkan Özerman, “Best Model Türkiye” yarışmasının koordinatoru Ataberk Oral və “Best Model of Türkiyə 2011”in ikincisi Berna Batur da yer alıb.
Belə bir məsuliyyətin altına girən Günay Musayeva birinciləri seçməkdə çətinlik çəkdiyini deyib: “Bu kürsüdə oturmaq mənə çətin gəldi. Favoritlərimi seçdim, amma uşaqların hamısı bir-birindən gözəl idi. Balacaların “Günay abla” deyə müraciət etmələri isə çox xoşuma gəldi. Uşaqları sevirəm. Hansı körpəni görsəm, oğlum yadıma düşür və darıxmağa başlayıram. Allah hər kəsə övlad sahibi olmağı nəsib etsin”.
Müsabiqənin qalibləri yaş kateqoriyaları üzrə seçiliblər. Qızlardan Elif Su və Beril Sunu, oğlanlardan isə Furkan Tugay Yaşat və Mert Şendemirci birinci yerə layiq görülüblər.