Gülnarə Kərimova cəhənnəmdən yazdı
25 Mart 2014 Çərşənbə Axşamı 22:34
Gülnarə Kərimova: Ciddi psixoloji təzyiq altındayam, məni döyüblər, qollarımda çoxlu zədələr var.
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova vaxtilə Orta Asiyanın ən güclü adamlarından biri idi. Ötən il o, nüfuzunu itirsə də, fəal olmağa davam edib. Amma beş həftədir ki, ondan səs çıxmır.

Poçt qutuma daxil olan uzun, qarışıq məktubun bir hissəsində yazılıb: "Ciddi psixoloji təzyiq altındayam, məni döyüblər, qollarımda çoxlu zədələr var".

Digər abzasda o, ev dustaqlığı altında həyatını təsvir edir - hər gün hədələndiyini, polis və kameraların onu izlədiyini deyir.

"Ədaləti bərpa etmək istəyən" anonim şəxsin əlavədə ötürdüyü məktub dünyanın ən repressiv və təcrid olunmuş ölkələrindən birindən, Özbəkistandan gəlmişdi. Onu göndərən şəxs əlavə məlumat verməsə də deyib ki, məktub son bir neçə gün ərzində yazılıb və ona xəlvəti ötürülüb.
"Sadəlövh idim..."

Məktub imzalanmayıb, amma içindəki detallar və dərindüşüncəlilik, mürəkkəb üslub və rusca səliqəli əlyazma işarə edir ki, bunu hansısa dissident deyil, vaxtilə atasının davamçısı olacağı deyilən Gülnarə Kərimova yazıb.

"Necə də sadəlövh idim, ölkədə qanunun mövcud olduğunu düşünürdüm", məktubda yazılıb.

Təhlilçilər məktubu Kərimovanın əvvəlki bir yazıdakı xətti ilə müqayisə edəndən sonra qərara gəliblər ki, bu məktubu da onun yazdığına böyük ehtimal var - 75 faiz.

"Orijinallara baxmadan əlyazmaları 100% uyğunlaşdırmaq çətindir, amma iki yazını eyni adamın yazdığına dair çox böyük ehtimal var", kirilcə əlyazmalar üzrə ekspert Inessa Goldberg deyir.

ABŞ-ın sızdırılmış diplomatik teleqramlarında Özbəkistanın "ən nifrət edilən şəxsi" kimi təsvir olunan Kərimova son 14 ay ərzində atası ilə davası və bunun nəticələri, o cümlədən bizneslərinin bağlanılması və tərəfdarlarının həbs edilməsi barədə tvitləyib.

Kərimovaya qarşı tədbirlər görüləndə o, rejimin aparıcı üzvləri barədə tənqidi fikirlərini açıq söyləyib.

Əvvəllər biz arada bir-birimizə tweetlər yazırdıq, amma fevralın 16-da onun Twitter hesabında fəaliyyət dayandı. Bu yaxınlarda isə Twitter hesabına blok qoyulub.

Onun axırıncı tweetindən bir gün sonra Özbək polisi paytaxt Daşkənddə elə adamları həbs etdi ki, bundan əvvəl hüquq-mühafizə orqanları bu adamlara dəyməyə cürət etməzdi.

Məktubda polisin əməliyyatı və onun nəticələri ilkin mənbədən izah olunur. "Ən pisi də odur ki, səni kameralar izləyəndə, hər tərəfdə silahlılar gəzəndə, gördüklərin səni depressiyaya salanda adam kimi yaşamaq mümkün deyil", o yazır, və "gözübağlı adamın yerlə sürüyə-sürüyə aparıldığını" təsvir edir.

Güman ki, bu "gözübağlı insan" xanım Kərimovanın biznes partnyoru və deyilənə görə sevgilisi, Rüstəm Madumarovdur. Həmin gecə o da həbs edilmişdi. Ona və Kərimovanın daha iki ən yaxın əməkdaşına qarşı mənimsəmə, vergidən yayınma, çirkli pulların yuyulması və digər ittihamlar irəli sürülüb.

Nizamsız, bəzən anlaşılmaz dildə Kərimova son bir neçə həftə ərzində "yüzlərlə, ola bilsin artıq minlərlə" tərəfdarının və keçmiş işçisinin təzyiqə məruz qaldığını, həbs və təhdid olunduğunu təsvir edir.

O deyir ki, əlverişsiz və "lazımsız həqiqəti" yaydığına görə onlardan təcrid olunur. Evdə televizor, internet və telefon yoxdur və xəstə qızı haqqında narahatdır.

Daşkənddə xanım Kərimovaya yaxın olan mənbə deyir ki, hazırda ev dustaqlığı altındadır və 16 yaşlı qızı İman onunla bir yerdə saxlanılır. Kimliyinin açıqlanmasını istəməyən kişi həmçinin deyib ki, ABŞ səfirliyindən ABŞ vətəndaşı olan İmana baş çəkiblər. (İmanın atası, Kərimovanın keçmiş həyat yoldaşı Mansur Maqsudi əfqan əsilli Amerika vətəndaşıdır).

Məktubda Kərimova tez-tez anası, bacısı və atasının ən yaxın müttəfiqlərini reket, şantaj və işgəncədə ittiham edir.

"Bu Pinoçet üslublu təqibin səbəbi odur ki, milyonlarla adamın susduğu məsələlər barədə danışmışam", o yazır.

Amma bir çox adam Kərimovanın ailəsi və digərləri barədə iddialarında riyakarlıq görəcək. Uzun müddət o, indi tənqid etdiyi rejimin qlamur simvolu idi.

"O özünü qurban, atasını isə manipulyasiyaya məruz qalan biri kimi təqdim edir", Orta Asiyanın aparıcı Ferghana.ru saytının redaktoru deyir.

Kislovun fikrincə, Karimovdan başqa heç kim qızını ev dustaqlığı altına qoya bilməzdi, dostlarını həbs edə bilməzdi. O deyir ki, Özbəkistan prezidenti qızını dəbdəbəli həyat tərzinə görə cəzalandırır.

"Heç vaxt düşünmürdüm ki, Özbəkistanın olmağa çalışdığı sivil, inkişaf edən ölkədə belə bir şey baş verə bilər", o mənə ünvanladığı məktubda deyir.

"Amma yaxından baxanda burada baş verənlərin çirkinliyini gördüm və bundan əvvəl mübahisə etdiyim adamlarla danışandan sonra başa düşdüm ki, bütün bunlar uzun müddətdir ki, davam edir".

Kərimovanın hüquq müdafiəçisinə çevrilməsinə inanan özbəklər az olsa da, bu mesaj bir çox adam üçün rezonans yaradacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar