Güldən Qaraböcək Bakıda konsert verdi
14 Noyabr 2010 Bazar 02:00
Məşhur müğənni Güldən Qaraböcək iki saat ərzində həm lirik, həm də şən mahnılar ifa edib.
Bu gün Türkiyənin məşhur müğənnisi Güldən Qaraböcək Bakıda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Milli.Az xəbər portalının verdiyi məlumata görə, “Kainat Production” və Türkiyənin “Star Media” şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konsert 2 saatdan çox davam edib. Konsertin aparıcısı Azərbaycanın xalq artisti Nisə Qasımova olub.

Konsert haqqında onu deyə bilərik ki, türk müğənnisi, 80-ci illərdə “Azərbaycan” mahnısının ifaçısı kimi tanınan Güldən Qaraböcək repertuarında yer alan lirik və şən mahnılarını səsləndirib. Tamaşaçılar tərəfindən xoş qarşılanan müğənninin ifası alqışlara səbəb olub. Eyni zamanada G.Qaraböcək Azərbaycanın bəstəkar mahnısı “Sən gəlməz oldun” (söz: Mədinə Gülgün, mus: Ələkbər Tağıyev) və “Arzu qızım” mahnısını səsləndirib.

Onu da qeyd edək ki, konsert vaxtı Nisə Qasımova ilə Güldən Qaraböcək birgə mahnılar ifa ediblər. Konsertin maraqlı məqamlarından biri isə Nisə xanımın səhnəyə dəvət etdiyi özü balaca, yalnız böyük səs diapazonuna malik Xaliq olub. Xaliqin ilk çıxışı Müslüm Maqomayevin “Azərbaycan” mahnısı olub. Daha sonra o “Bakı” və “Kor ərəbin mahnısı”ni ifa edib.

Nisə Qasımovanın “Yalan dünya” mahnısını ifa etməsi hər kəsi heyrətləndirib. Hətta, müğənni Aybəniz Haşımova və qızı Aynişan Quliyeva bu mahnıdan sonra Nisə xanımı ayaq üstə alqışlayıblar.

Nəzərinizə çatdıraq ki, sənətçilər Aybəniz Haşımova, Xumar Qədimova, Xatirə İslam və Almaz Ələsgərli tamaşaçı qismində konsertdə iştirak edirdilər. Yalnız Xumar Qədimovadan başqa, hər üç müğənni konserti yarımçıq tərk ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar