Gənc müğənninin 7 siması...
Həmişə yaradıcılıq yenilikləri ilə gündəmdə olmağa çalışan populyar estrada müğənnisi Ayan Babakişiyeva yenə də ənənəsinə sadiq qalıb. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, son aylar repertuarındakı mahnıları davamlı olaraq ekranlaşdıran müğənni sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan "Nədən oldu" mahnısının uğurlu klip layihəsinin çəkilişlərini yekunlaşdırıb:
“Əslində "Ya ona dön" mahnıma yenicə klip çəkdirdiyim üçün yenidən kameralar qarşısına keçmək kimi istəyim yox idi. Sadəcə, stilistim Romanın verdiyi ideya o qədər xoşuma gəldi ki, ideyanı gerçəkləşdirmək qərarına gəldim. Roma təklif etdi ki, Azərbaycan da daxil olmaqla, ümimilikdə 7 millətin xanım obrazlarını canlandırım. Əl qabiliyyətinə yaxşı bələd olduğum üçün təklifinə müsbət cavab verdim. Yəqin, hansı xalqların qadın obrazlarında görünəcəyim oxucularınıza da maraqlı olacaq. Çəkilişlər sona çatdığı üçün sürprizi açıqlayıram: çinli, yunan, misirli, afrikalı, hindistanlı, qədim avropalı və dediyim kimi, doğma vətənimin gözəl xanımlarının obrazlarını yaratmışam. Ümidvaram ki, çəkdiyimiz zəhmət tamaşaçılar tərəfindən layiqincə qiymətləndiriləcək”.
Məlumat üçün bildirək ki, klipin rejissoru Anar Hüseynov, operatoru Rza Əsgərovdur. “Make up” (makiyaj) bütünlüklə Romaya məxsusdur. Klipin çəkilişləri zamanı fotoqraf Çingiz Seyfullayevin zəhməti də az olmayıb. Ekran işi hazırda montaj prosesindədir.