Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Xalq artisti Flora Kərimovanın Xalq artistləri Faiq Ağayev və İlhamə Quliyevaya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə ilkin iclas keçirilib. Faiq Ağayevin mətbuat xidməti və vəkili Kamil Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, hakim Flora Kərimovanın şikayətini qəbul etməkdən imtina edib.
Qeyd edək ki, F. Kərimova iddia ərizəsində Azərbaycan Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması və cavabdeh tərəfin məsuliyyətə cəlb olunmasını tələb edib./ANS PRESS/