Flora Kərimova: "Belə getsə, Azərbaycan vətəndaşlığından imtina edəcəm"
12 Avqust 2009 Çərşənbə 22:40
Müğənni məhkəmə prosesindən narazı qaldığı üçün bu addımı atmaq niyyətindədir

 

Azərbaycanın xalq artisti Flora Kərimova ölkə vətəndaşlığından imtina edə bilər. Xalq artisti buna səbəb kimi Faiq Ağayevin ona siyasi fəaliyyəti ilə bağlı böhtan atmasını və bəzi məhkəmə qurumlarının təsir altında fəaliyyət işlədiyini göstərib.

"Bizim bəzi məhkəmələr ədalətsiz fəaliyyət göstərir. Bu gün keçirilən məhkəmədə hakimlərin Faiqin təsiri altında olduğu açıq-aşkar görünürdü”, - deyə müğənni bildirib.

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Flora Kərimova vəsatət qaldırdığı linqvistik ekspertizanın rəyi ilə razılaşmayıb və yenidən ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə sədri isə bu vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesi avqust ayının 14-də keçiriləcək.

Xatırladaq ki, iyulun 18-də Apellyasiya Məhkəməsində Flora Kərimovanın Faiq Ağayevə qarşı iddiası üzrə məhkəmə prosesi olub. Məhkəmə F.Kərimovanın Ağayevə qarşı qaldırdığı iddiasını təmin edib. Flora Kərimova Faiq Ağayevə qarşı CM-nin 147.2 (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması və onun məsuliyyətə cəlb olunmasını istəyirdi.

Fevralın 26-da Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə keçirilən məhkəmədə Faiq Ağayevin hərəkətlərində cinayət xarakterinin olmadığı sübuta yetirilmiş və Flora Kərimovanın şikayəti ilə bağlı müraciətin müddətinin gecikməsi əsas gətirilərək iddiası təmin olunmamışdı. Bununla razılaşmayan Flora xanım Apellyasiya Məhkəməsinə müraciət etmişdi. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar