Fidan Hacıyeva “Karmen”lə yenidən tamaşaçıların görüşünə gəlir
11 Aprel 2011 Bazar Ertəsi 16:50
Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Karmen obrazı ilə növbəti dəfə tamaşaçıların görüşünə gələcək.
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Karmen obrazı ilə növbəti dəfə tamaşaçıların görüşünə gələcək. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, aprelin 17-də yenidən “Karmen” operasında əsas partiya ilə səhnəyə çıxacaq. Artıq operanın hazırlıqlarına başlanıb, məşqlər gedir və afişalar paytaxtın mərkəzi küçələrinə vurulub.
Jorj Bizenin “Karmen” operası ötən il olduğu kimi, bu dəfə də Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Azərbaycan səhnəsinin Karmeni Fidan Hacıyeva indidən həyəcanlanmağa başladığını söyləyib: “Hər dəfə səhnəyə çıxdıqda çox həyəcanlanıram. Bu, olduqca böyük məsuliyyətdir. Ancaq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışacağam. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb. Bunu hiss edib, onlar üçün bu sürprizi etmək istədim. Karmeni sevən hər tamaşaçını həmin gün zalda görmək arzusundayam”.
F. Hacıyeva bəyan edib ki, “Karmen” operası ilə bir növ yaradıcılığına yenidən start verəcək. Belə ki, sənətçi “Karmen”in nümayişindən sonra daha bir neçə opera və yeniliklərlə tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək “Karmen” operasının biletlərinin qiyməti 20-30 manat arasında satışa çıxarılıb.
DOSTLARINLA PAYLAŞ: