Faiq Ağayevin işi prokurorluğa göndərildi
27 Dekabr 2010 Bazar Ertəsi 11:40
İttiham aktı təsdiqləndikdən sonra məhkəməyə göndəriləcək
Azərbaycanın xalq artisti Faiq Ağayevin bıçaqlanması faktı ilə başlanan cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə cinayət işinin istintaqını aparan Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov məlumat verib. Müstəntiq bildirib ki, ittiham aktı tərtib olunaraq təsdiqlənməsi üçün Nəsimi rayon Prokurorluğuna göndərilib. İttiham aktı təsdiqləndikdən sonra məhkəməyə göndəriləcək.

Nəsimi rayon Prokurorluğundan bildirilib ki, qanunvericiliyə görə 5 gün ərzində ittiham aktına baxılacaq. İttiham aktı üzrə üç nəfər - Rüfət Məlikov, Seymur Məmmədov və Natəvan Şərifova təqsirləndirilir. R.Məlikova qarşı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-nü (iki və ya daha artıq şəxsə qarşı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən ağır xəsarət yetirmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə), S.Məmmədova qarşı 221.2.1-ci, N.Şərifova 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bu il sentyabrın 27-də səhər saat 6 radələrində xalq artisti Faiq Ağayev və onun yanında olan iki nəfər - cangüdəni 35 yaşlı Azər Musayev və dostu 33 yaşlı Ramin Bayramov bıçaqlanıblar. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Əlimərdan bəy Topçubaşov küçəsindəki 113 saylı evin qarşısında baş verib. Faiq Ağayev kürək, bud və qarın nahiyəsindən altı, Ramin Bayramov bir, Azər Musayev isə iki bıçaq yarası alıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində faktla bağlı şübhəli şəxs qismində üç nəfər - Rüfət Məlikov, Seymur Məmmədov və Natəvan Şərifova sentyabrın 28-də saxlanılıblar. Rüfət Məlikov hadisəni törətdiyini etiraf edib. Onun xalası oğlu Seymur Məmmədov və digər saxlanılan Natəvan Şərifovadan isə izahatları alınaraq sərbəst buraxılıblar.

Növbəti gün isə Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən S. Məmmədov yenidən saxlanılıb.

Qeyd edək ki, hadisə xalq artistinin gecə klubunun açılışından evinə qayıdarkən yolda “VAZ 2107” markalı avtomobilin sürücüsü ilə “yol verməmək” üstündə yaranan mübahisə zəminində baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar