Faiq Ağayevi Masallıda döymək istəyiblər. Hadisə yerində olan polislər insidentin qarşısını alıblar.
Yerli telekanallardan birində yayımlanan şou proqramının Masallıda çəkilişlərini apararkən insident yarandığı barədə xəbərlər yayılıb. ANS PRESS-in Xeber44.com portalına istinadən yaydığı xəbərə görə, Masallı rayon mərkəzində Mədəniyyət Evinin qarşısında çəkilişləri aparılan şou-proqram bir qrup rayon sakininin narazılığına səbəb olub. Məlumata görə, bir qrup gənc proqramının aparıcısı Zaur Baxşəliyevi və iştirakçı olan müğənni Faiq Ağayevi döymək istəyiblər. Lakin hadisə yerində olan polislər insidentə müdaxilə ediblər. İnsident yaratmaq istəyənlərdən bir neçəsinin saxlanıldığı bildirilir.
Bəzi məlumatlara görə, Faiq Ağayevi mühafizə edən cangüdənlərdən birinə bıçaqla xəsarət yetirilib. Məlumata görə, baş verən olaydan sonra şou proqramın çəkilişi yarımçıq saxlanılıb, çəkiliş qrupu Bakıya qayıdıb.
Sayt videoçəkiliş də təqdim edib: anspress
Faiq Ağayevin "Facebook" profilində bu xəbərin yalan olması barədə məlumat yerləşdirilib. Məlumata görə, Faiq Ağayev yazılanları “yalan və şayiə” adlandırıb, bunların konsert proqramını gözdən salmaq üçün edildiyini deyib. O bildirib ki, bir həftədən sonra veriliş yayımlanacaq.