Faiq Ağayevi bıçaqlayanlara hökm oxunub
17 Mart 2011 Cümə Axşamı 11:20
Rüfət Məlikov 8 il, Seymur Məmmədov 6 ay, Natəvan Şərifova isə 7 ay müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesə təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar törətdikləri əməldən peşman olduqlarını bildiriblər. Daha sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Rüfət Məlikov 8 il, Seymur Məmmədov 6 ay, Natəvan Şərifova isə 7 ay müddətinə azadlıqdan məhrum edilib. Natəvan Şərifovanın öhdəsində iki azyaşlı uşaq olduğu üçün onun barəsində olan hökm övladları səkkiz yaşına çatana qədər təxirə salınıb.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Rüfət Məlikovun 9 il, Seymur Məmmədovun 3 il, Natəvan Şərifovanın isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.
Qeyd edək ki, ötən il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onunla birgə olan Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.
Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM)126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.
Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.
DOSTLARINLA PAYLAŞ: