Faiq Ağayev xalq artisti kimi ilk konsertini verdi
09 Mart 2010 Çərşənbə Axşamı 13:15
Səhnədə həmişə olduğu kimi 100% Faiq Ağayev idi
Xalq artisti Faiq Ağayevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Bakı gecələri" restoranında keçirdiyi konsert baş tutdu. Saat yarım gec başlamasında baxmayaraq, tamaşaçılar sakitcə oturaraq 2 ildir konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmayan müğənnini təmkinlə gözlədilər. Hər halda narazılıq edən tamaşaçı bizim gözümüzə dəymədi.
Telekanalların konsert başlamazdan əvvəl tanınmışlardan müsahibə alması isə konserti daha da ləngitdiyinə görə, Faiq Ağayevin əsəbləşməsi nəzərdən qaçmadı. Bəlkə də, iki ilə yaxındır solo-konsert verməyən müğənninin həyəcan keçirdiyi hiss olunurdu.
Amma xalq artisti səhnəyə çıxanda əsəbdən əsər-əlamət qalmamışdı. Səhnədə həmişə olduğu kimi 100% F.A idi. Hər bir mahnıya xüsusi olaraq hazırlanmış rəqslər Faiq Ağayevin konsertə çox ciddi hazırlaşdığını göstərirdi. Belə ki, mahnılar dəyişdikcə, rəqqaslar da dəyişirdi və növbəti mahnını yeni geyimlə rəqs edirdilər.
Faiq Ağayev ilk mahnıdan sonra konsertə dəvət olunan jurnalist xanımları bir-bir təbrik etdi və onlara sponsorlardan hədiyyələr təqdim olundu.
Xalq artisti bir neçə mahnı ifa etdikdən sonra səhnəyə xalq artisti Nazpəri Dostəliyevanı dəvət etdi. Müğənni Rəhim Rəhimlinin xəstə olması isə uzaqdan bəlli olurdu. "Halım yaxşı olmasa da, dostumun yanında olmalıyam",- deyən Rəhim sakitcə öz çıxışını gözləyirdi. Nazpəri Dostəliyevanın ardından Samir Cavadzadə və Rəhim Rəhimli musiqi nömrələri ilə çıxış etdilər.
Konsert həddindən artıq gec başladığından jurnalistlərin əksəriyyəti konsertin sonunu gözləmədi. Bu səbəbdən də konsertdə iştirakı gözlənilən xalq artisti Aygün Kazımova, əməkdar artist Tünzalə Ağayeva və Rüstəm Zeynallının çıxışlarını izləyə bilmədik.
Qeyd edək ki, bu, Faiq Ağayevin xalq artisti fəxri adına layiq görülməsindən sonra verdiyi ilk konserti idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: