Faiq Ağayev bu gün də reanimasiyada saxlanılacaq
28 Sentyabr 2010 Çərşənbə Axşamı 16:05
Xalq artisti Faiq Ağayevin palataya köçürülməsi hələ tezdir.
Dünən 6 bıçaq yarası alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən xalq artisti Faiq Ağayev bu gün də xəstəxananın reanimasiya şöbəsində saxlanılacaq. Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, xalq artistinin vəziyyəti qənaətbəxş olsa da, onun palataya köçürülməsi hələ tezdir.
Qeyd edək ki, müğənni bu gün səhərdən sərbəst ünsiyyət qurur və gəzə bilir. Ötən gün axşam saatlarında xalq artistinin vəziyyəti pisləşsə də, gecə müğənni şokdan ayılıb və yaxınları ilə görüşüb.
Xatırladaq ki, ötən gün səhər radələrində xalq artisti Faiq Ağayev və onun yanında olan iki nəfər- 33 yaşlı Ramin Bayramov, 35 yaşlı Azər Musayev bıçaqlanıblar. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Əlimərdan bəy Topçubaşov küçəsindəki 113 saylı evin qarşısında baş verib. Faiq Ağayev kürək nahiyəsindən 4, bud nahiyəsindən 1 və qarın nahiyəsindən 1, digər yaralılar Ramin Bayramov qarın nahiyəsindən 1, Azər Musayev isə qarın nahiyəsindən 2 bıçaq yarası alıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində faktla bağlı şübhəli şəxs qismində üç nəfər - Rüfət Baba oğlu Məlikov, Seymur Vasif oğlu Məmmədov və Natəvan Qurban qızı Şərifova saxlanılıblar. Bakı şəhər sakini, qəsdən adam öldürmə maddəsi ilə əvvəllər məhkum olunmuş, 32 yaşlı Rüfət Məlikov hadisəni törətdiyini etiraf edib. Onun xalası oğlu Seymur Məmmədovda hadisədə şübhəli qismində saxlanılıb. Natəvan Şərifovanın isə izahatı alınaraq sərbəst buraxılıb.
Qeyd edək ki, hadisə xalq artistinin gecə klubunun açılışından evinə qayıdarkən yolda "VAZ 2107" markalı avtomobilin sürücüsü ilə "yol verməmək" üstündə düşən mübahisə zəminində baş verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: