"Eurovision” təmsilçimiz: "Dilim söz tutmur"
11 May 2011 Çərşənbə 12:25
Azərbaycan təmsilçiləri finalda da yaxşı yüksək nəticələr göstərəcəklərinə əmindirlər
“Biz artıq danışa da bilmirik. Dilim söz tutmur, çünki emosiyalar çoxdur. Hər şey çox gözəldir, çox sağ olun. Azərbaycan biz səni sevirik!”. Bu sözləri ötən gün “Eurovision-2011” mahnı müsabiqəsinin finalına vəsiqə qazanan Azərbaycan təmsilçilərindən biri Eldar Qasımov ANS TV-nin Düsseldorfa ezam olunmuş müxbirinə açıqlamasında deyib.

Hər şeyin çox əla keçdiyini deyən təmsilçimiz auditoriya tərəfindən çox gözəl qarşılandıqlarını vurğulayıb. Sevindiklərindən söz tapmayan təmsilçilərimiz finalda da yaxşı yüksək nəticələr göstərəcəklərinə əmindirlər.

“Bizim üçün çox əla performans idi. Amma çalışacağıq ki, mayın 14-də daha yaxşı çıxış edək. Siz bizə inanın!”, deyə Eldar qeyd edib.

"Eurovision" Mahnı Müsabiqəsində Rusiya nümayəndə heyətinin üzvü Yana Çurikova da Azərbaycanın çıxışını yüksək qiymətləndirib.

“Bu mahnı hitdir. Səhnədə hər şey çox gözəl alındı. Onlar bu məhəbbət hekayəsini çox gözəl oynadılar”, Çurikova qeyd edib.

Qeyd edək ki, ümumilikdə “Eurovision-2011”in birinci yarımfinalında 19 iştirakçı ölkədən olan müğənnilər çıxış edib. Tamaşaçı səsverməsi və peşəkar münsiflərin qərarı ilə 10 iştirakçı finala vəsiqə qazanıb. Eldar və Nigarla yanaşı, Rusiya, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya və İslandiyadan olan təmsilçilər finalda mübarizə aparmaq hüququ əldə edib. Ermənistanı təmsil edən Emmi mübarizəni yarımfinalda dayandırmalı olub. Türkiyənin “Yüksək sədaqət” qrupu da finala çıxa bilməyib.
Müsabiqənin final konserti mayın 14-də keçiriləcək. Finalda təmsilçilərimiz 19-cu yerdə çıxış edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar