Eşlinin eşqi
01 Avqust 2010 Bazar 09:40
Aktrisa Eşli Cad heç də "ikinci Merilin" deyil.
İstənilən trası Darionun bolidi ilə bircə dəfə keçməsi kifayət edərdi ki, bu yolu bütün xırda detalları ilə, hər santimetrinə qədər yadında saxlasın. Bu xırdalıqlar o dərəcədə təfərrüatı və aydınlığı ilə onun yaddaşına həkk olunurdu ki, elə bil, hər dəfə ərinin bədənindəki çapıqları xatırlayırdı. Çapıqlar isə həddən çox idi. Darionun onyeddimərhələli "İRL - 2005" çempionatının doqquzuncu mərhələsinə hazırlıq dövrünün sonuncu həftəsini Eşli yol qırağında "lövbərini salan" avtobusda keçirdi. O, üzünü avtobus pəncərəsinin soyuq şüşəsinə söykəyib ahəstə yeriyən avtomobillərə, işgüzarcasına var-gəl edən mexaniklərə, tamaşaçıların vərdiş etdiyi pijon görkəmi verən tarım kambinezon əvəzinə solğun iş geyiminə bürünən pilotlara tamaşa edirdi. Dario qızın maşının həndəvərində fırlanmasını xoşlamırdı. Odur ki Eşli avtobus pəncərəsi önündə büzüşüb-oturaraq, yaşılzolaqlı qırmızı-göy rəngli şlemi və "27" nömrəli bolidi gözdən qoymamağa çalışırdı. Əgər, təxminən, yeddi il bundan əvvəl kimsə Eşli Cada desəydilər ki, doğma Tennessi ştatının betonörtülü və yamyaşıl ot əkili bir neçə akr torpağı onun ən sevimli, az qala, bütün dünyada marağına uyğun gələn yeganə məkana çevriləcək, qız, yəqin ki, buna inanmazdı. Amma budur, Eşli Naşvill avtodromunun kürsüsünə qalxıb baxır və özü də hiss edir ki, onun ürəyi sanki bədənindən ayrı düşüb, döngələrdən-döngələrə gah rahat ritmdə çırpınır, gah da həyəcandan az qalır yerindən çıxa.
.
..Onların ailəsi 70-ci illərin sonlarında, Eşlinin 10 yaşı tamam olanda Tenessi ştatına köçüb, Franklin adlı şəhərcikdə yurd salmışdı. Eşlinin yadına gələni onuncu, ya on birinci ev idi ki, o, anası və bacısı ilə köçə-köçə dəyişdirmişdilər. Eşliyə görə onların yeni evi də eynilə əvvəlkilər kimi yoxsul, miskin, bərbad gündəydi. Nəyə görə, orda nə çatmırdı? Bax bunu Eşli indi yadına sala bilmirdi. İsti su gəlmirdi, ya telefon, ya tualet, ya da ümumiyyətlə, bunların heç biri yox idi, ona görəmi? Bircə onu bilirdi ki, onların evində hər şey bir-birinə bənzəyir və eyni qoxunu verirdi - yanmış qarğıdalı sıyığı və evdə bişmiş sabun. Anası bir əli ilə onları sobanın üstündə qaynada-qaynada qarışdırıb bişirir, o biri əlinin barmaqlarını gitaranın simlərində gəzdirirdi.

Hər dəfə bir evdən o biri evə köçəndə anasının dedikləri bunlar olardı: "Bu ev bizə mütləq xoşbəxtlik gətirəcək". Onlrarın ailəsi neçə illərdi eyni arzu ilə yaşayırdı. Onların ailəsi Diana Cadd vokal dueti yaratmaq və yol kənarındakı barlarda böyük qızı Kristina ilə birlikdə "kanri" deyilən mahnıları ifa etmək xəyalına düşəndən bəri xoşbəxtliyi yalnız bunda görür və bunları həyata keçirmək arzusu ilə yaşayırdı. Təzə evdə yerləşən kimi Eşli onun hər künc-buca-ğını maraqla öyrənməyə başladı. Hətta bu paslanmış treylerdə (Amerikada vaqon evlər - red.) hansısa möcüzə nəticəsində qız özünə rahat künc tapa bildi. Eşli kitablarını da götürüb öz küncünə çəkilirdi. Ən sevindirici o idi ki, burda səhərdən-axşamadək gitaranın baş aparan dinqıltıları eşidilmirdi. Bir il ərzində iki-üç dəfə ev dəyişdirdikləri üzündən Eşli hər yerdə özünə rəfiqə tapır, amma onunla axıra qədər dostlaşmağa macalı olmurdu. Lakin hər yeni məktəbin kitabxanasında bundan əvvəl axıra qədər oxuya bilmədiyi kitabı tapa bilir, bununla da qaça-qovda olan həyatının mozaik dəliklərini birləşdirib, ümumi mənzərə yaratmağa nail olurdu. Onun daha çox xoşuna gələn kitab "Narninin tarixçələri" əsəri idi. Kaş onların da treyleri bu nağıl-əsərdəki sehrli evə çevriləydi. Kaş ordakı ev kimi bu treyler də o qədər böyük olaydı ki, onun ətrafına dolanmaqdan ötrü bir ömür belə kifayət etməyəydi. Bəzən qız özünü unudub, sevimli kitabındakı səhnəciklərdə yaşamağa başlayırdı. Bir də görərdin, bu uzanıb gecənin yarısına qədər gedərdi. Belə hallarda anası, az qala, yarım saata qədər balaca qızını bu darısqal treylerin içində axtarır, onun harda gizləndiyini gümanına gətirə bilməyib narahat olardı. Handan-hana öz-özü ilə danışan qızcığazın səsinin pilətə ilə su tası arasından və ya divar şkafından gəldiyini eşidib ürəyi rahatlanardı. Qəribəsi odur ki, anası bu zaman əsəbiləşməz, özlüyündə düşünərdi: "Qoy oynasın, onsuz da dözülməz bu həyatda, heç olmasa, xəyallarında xoşbəxt olsun qızım".

Diana və Kristinanının "Naomi" və "Uaynona" adları ilə çıxış etdikləri "Cad" kantri dueti ilk dəfə müqavilə hüququ qazananda Eşlinin 14 yaşı vardı. Bu zaman Eşlinin həyatında o qədər böyük dəyişikliklər baş verməmişdi. Yenə də əvvəlkitək bu məktəbi o məktəbə dəyişir, vərdişlərinə qapılıb özünü ətrafdan kənarlaşdırır, çoxlu kitab oxuyurdu. Anası və bacısının onu dilə tutmasına baxmayaraq, Eşli mülayim tərzdə, amma qətiyyətlə etiraz edir, yalnız dərsdən azad vaxtlarında qastrol avtobusunun içini on dollara yığıb-yığışdırmağa razı oldu. Doğrudur, ailə duetinin maddi vəziyyəti yaxşılaşdırması ilə əlaqədar olaraq onun özündə daha arzu oyanmışdı - Kentukki ştatı universitetinə daxil olmaq və fransız dilini təkmilləşdirmək. O, bu arzusuna yetdi.

..."27" saylı iştirakçının rəqibini keçməyə cəhd etdiyini görən Eşli əlini cibinə salıb balaca maşını sıxmağa başladı. Dario həmişə burdakı avtodromda olan kimi, qısadairəli trassları xoşlayır. Burda, elə bil, döngələr bir-birinə qarışmışdı. Bu təhlükəli dairələr onu başqalarından daha çox qələbəyə yaxın edirdi. Eşli bu dairələrə nifrət edirdi. Hər belə ötüşmədən sonra, qadın maşını necə sıxırdısa, sol ovcu bir neçə gün ağrıyırdı. Bu suvenir maşını Dario ona ad günündə hədiyyə etmişdi. Buna hətta hədiyyə etmək də demək çətindir. Sadəcə, Dario Eşliyə yanaşıb, onun cibinə nəsə suvenir dürtmüş və bu zaman ətrafa baxa-baxa sanki öz-özünə pıçıldamışdı:
- Xahiş edirəm, qoy bu maşın səndə qalsın.

Eşli kimi Dario Frankitti də hissiyyata qapılmağı qəti xoşlamır. Damarlarında italyan qanı axsa da, xalis venesiyalı əsil-nəcabətinə malik olsa da, Dario Şotlandiyada böyümüş və təbiətən şotland xarakterinə malik idi: soyuq, azdanışan, qaraqabaq, ürəyindəkini yalnız özü bilən qapalı insan. Əslində, burda təəccüblü heç nə yox idi. Əgər ailədə ana hər iki oğlunun avtoyarışçı olmaq arzusunu alqışlayırdısa, böyüyüb, başqa xarakterdə kişi olmaq qeyri-mümkün idi. Amma Marina Frankitti böyük oğlunun hansısa kinoaktrisa ilə görüşdüyündən xəbər tutanda, əlbəttə, buna sevinmədi. Eşli təzə dairəyə daxil olan boliddən bir anlığa gözünü çəkdi və qımışdı. Marinanın heç də fövqəlinsan kimi qəbul etmədiyi oğlunun yeni məşuqəsi haqqında məlumatlar xoşuna gələ bilməzdi. Əvvəla, aktrisanın adı kişi adına oxşayırdı. Açığı, Eşli özü də həmişə maraqlanardı ki, anası ona niyə belə bir ad seçib. Cavabında anası deyərdi ki, əslində, doğma şəhəri olan Aşlendanın şərəfinə qızını adlandırmaq istəyirdi. Bu zaman ata qızına tamam başqa ad, Brunhilda qoymaq istədi. Brunhilda Eşli dünyaya gələnə qədər az-maz gəlir gətirən madyanın adıydı. Bundan qəzəblənən anası kişinin acığına qızına bu adı qoymuşdu - Eşli. O ki qaldı onun atasına, Maykl Çiminella atçılıq biznesində çalışırdı. O, atlara daha çox diqqət ayırırdı, nəinki arvadına və qızlarına. Eşlinin dörd yaşı tamam olanda Maykl ailəsini qoyub getdi. O getdi, qızın əcaib adı qaldı. Belə adı olan qadının tütün çeynəməsinə, siqar çəkməsinə təəccüblənməyə ehtiyac qalmır.
Bundan daha heyrətamiz hadisə qadının təvəllüdü ilə bağlı idi. O, 1968-ci ildə anadan olmuşdu. Deməli, 1973-cü ildə anadan olan Dario Frankittidən beş yaş böyükdür.

Marina Frankitti üçün bütün bunlardan, əcaib adı və sanballı yaş həddindən daha dəhşətlisi Eşlinin saysız-hesabsız günahları idi. Bura onun atası yaşında olan Robert de Niro və öz rəfiqəsi Sandra Ballokun, az qala, əlindən aldığı Matü Makkonohi ilə məhəbbət macəraları daxil idi. Həmin bu Eşli ilə eşqə başı qarışdığından, həyat yoldaşını üç uşaqla birgə atan musiqiçi Maykl Boltonun boşanma qalmaqalı da bu günahlar siyahısında idi. Bəs onun seksin tanrının ən böyük neməti olması və seksual meylin yoxluğunu kiçik ölümə bərabər tutması ilə əlaqədar müsahibəsinə nə deyirsiniz? Bu müsahibədə aktrisa etiraf edirdi ki, bir ailə kimi yaşadıqları çəkiliş meydançasında öz tərəf-müqabilləri ilə təbii yaxınlıqdan çəkinmir. Müsahibədə guya abrına qısılantək olub, bunları da əlavə edir: "Doğrudur, iyirmiyə yaxın filmə çəkilməyimə baxmayaraq, mən yalnız partnyorlarımdan üçü və ya dördü ilə yatmışam, bu isə nisbətdə çox az eləyir". Bu da onun abır-həyası! O ki qaldı boş və mənasız bu qızın mükəmməl fransız dilini bilməsinə və kino karyerasının başlanğıcında göstərdiyi prinsipiallığa, çəkiləcəyi filmdə azca da olsa ədəbsizlik vardısa, ondan qəti şəkildə imtina etməsi barədə olan söhbətlərə, Marini Frankitti onsuz da bunlara inanmayacaqdı.

Bununla belə həqiqətən də məhz belə prinsipial və ənənəyə bağlı xarakterinə görə aktrisa Eşli Cad ilk vaxtlarda bir neçə, olduqca sərfəli təkliflərə rədd cavabı vermişdi. Bir neçə dəqiqəlik büstqalterini çıxarmaqdan imtina etdiyinə görə o, "Kaffs" filmində Kristian Sleyterin tərəf-müqabili olmaq imkanından özünü məhrum etmiş və filmdə ikincidərəcəli rolla kifayətlənmişdi. Anasının tutduğu agent isə bu müqavilənin alınması üçün xeyli məbləğdə pul xərcləmişdi. 1991-ci ildə Diana (Naomi) Cad səhnədən getməli olur. Onda hepatit C tapılmışdı. Görünür, bu virusa 80-ci illərdə intensiv terapiya şöbəsi klinikasında işlədiyi zamanlarda tutulmuşdu. Mürəkkəb müalicə sistemi və həkimlərin təyin etdiyi rejim ona oxumağa imkan vermirdi. Uaynona tək qaldığından, səhnədə analarını əvəz etməyi universiteti təzəcə bitirən bacısına təklif etdi. Lakin Uaynonanın xoşuna gəlməsə də, Eşli buna razılıq vermədi. Bundan qeyzlənən böyük bacı acıqla dedi:
- Mənim anamızla qazandığımız pullar hesabına qayğısız yaşamaq, deyəsən, sənin xoşuna gəlir. Amma yadında saxla: mən daha səni öz himayəmdə saxlamaq fikrində deyiləm.
- Sənin himayənə mənim heç ehtiyacım da yoxdur, - deyə yırğalanan sevimli kürsüsündə yellənə-yellənə Eşli bacısına cavab verir. - Gələn il mən Afrikaya gedəcəyəm. Bizim kursun uşaqları məni dəvət ediblər. Hər halda bu, səhərdən-axşamadək gitaranı dınqıldatmaqdan yaxşıdır.

Xəyalpərəst bacısının ciddi danışdığını görən, hələ üstəlik, "bizim kursun uşaqları"ndan afrikalı bir oğlanın Eşliyə çox şübhəli maraq göstərdiyini yadına salan Uaynona bu xəbərdən həyəcanlandı. Heç nəyə baxmadan o öz kiçik bacısını çox istəyirdi. O, bacısının gedib tropik xəstəliklər, vəhşi heyvanlar, zəncilər, adamyeyənlər olan qitəyə düşəcəyini gözünün qabağına gətirəndə, az qala, dəli olmaq dərəcəsinə çatdı. Bacısının tərs xasiyyətini bildiyindən, tutduğunu buraxmayacağına əmin olduğundan, Uaynona onu Afrikaya getmək fikrindən yayındırmaq üçün belə təklif elədi:
- Gəlsənə, sən özünü Hollivudda sınayasan. Bəlkə ulduz olacaqsan?..
Bunu cavabsız qoyan Eşli bir neçə gündən sonra zənci pərəstişkarı ilə gözlənilmədən arası dəyən kimi nədənsə bacısının təklifi yadına düşdü. Bu təklif onu uşaqlıq xəyallarına apardı, orda onun sevdiyi oyunları, əzizlədiyi oyuncaqları var idi. Bacısının təklifi ilə razı olduğunu ona bildirəndə, Uaynonanın bircə ehtiyatsız kəlməsi yenə hər şeyi alt-üst edəcəkdi:
- Lap yaxşı, çətinliyə düşsən, ana sənə kömək edə bilər.
- Mənə heç bir köməklik lazım deyil. İstedad ya var, ya da yox, - deyə Eşli yenə səsinin həmişəki soyuq ahəngi ilə cavab verdi.
Bunun üstündən daha bir addım atdı. Saçlarının təbii rəngini dəyişib brünet oldu. Bu isə o demək idi ki, "Mənə hətta irsən heç kimin köməyi lazım deyil, mən öz istedadımı təmənnasız axtarıram".
Bu qərardan sonra Eşli IVY adlı restorana düzəldi. Bura Hollivudla əlaqəli olanların sevimli yeri idi. Bununla yanaşı, aktyor studiyasına daxil oldu və kastinq üzrə köməkçi kimi çalışdı, özünü iş dalınca qaçan, fəal göstərə bildi. Nəhayət, "Ulduz yolu" və "Bacılar" seriallarında kiçik rollarda çəkiləndən sonra, özünün aktyor sənətinə arxayın oldu. Yalnız bu arxayınlığa yetişəndən sonra, anasının məxsusi olaraq onun üçün tutduğu peşəkar agentin xidmətlərindən istifadə etməyə razı oldu.

90-cı illərin ortalarında Cad artıq məşhur filmlərdə ikincidərəcəli rollarla özünü təsdiq etmiş, Sandens və digər kino festivallarında nüfuzlu mükafatlarla təltif olunmuş bir aktrisanın soyadı kimi kino aləmində tanınırdı. Yəqin, elə buna əsaslanaraq, "Norma Cin və Merilin" filminin yaradıcıları ona Miro Sarvino ilə birlikdə baş rolu etibar etdilər. Eşli, hətta saçlarını nümayişkarcasına rəngləyib, brünetə çevriləndən sonra belə, onun qulağına "Bu qız Monronun özüdür ki dayanıb-durub" kimi ifadələr gəlib yetişirdi. Bundan nəinki xoşu gəlmirdi, hətta o qadına nifrət edirdi. Ona görə də baş rola dəvət olunması ona bir o qədər də cəlbedici təklif görünmədi. Bundan başqa, bu rolda o yenə soyunmalı idi, guya bununla tarixi həqiqətə yaxınlaşmış olacaqdılar.

Bununla belə, artıq Hollivudun sərt qanunları ilə üzləşən Cad özünü bir az ehtiyatlı aparırdı. Roldan imtina etməyə ürək eləmirdi. Amma yenə də müsahibələrin də hamı kimi Merilinə valeh olmadığını açıq-aşkar söyləməkdən də çəkinmirdi. Xoşbəxtlikdən, bu zaman maraqlı bir trillerə dəvət aldı. 1997-ci ildə "Qızları öpün" filmində oynadığı roldan sonra hamıya məlum oldu ki, Eşli Cad heç də "ikinci Merilin" deyil. O, daha çox "ikinci Foster"dir. Sonuncu bənzətmə Eşlinin də ürəyindən idi…

...Qırmızı-göy rəngli "Honda" finiş xəttini birinci keçdi və Eşli ovcunda tərləmiş maşını dodaqlarına yaxınlaşdırdı. O, heç brilyantlarla örtülü platin nişan üzüyünü belə əzizləmirdi, necə ki bu oyuncaq maşını. Onun üçün xüsusi rezin qutu - qılaf düzəltdirmişdi. Müxbirlər və fanatlar qalibin üstünə cumdular, komanda yoldaşları Darionu dövrəyə alıb, ənənəvi mərasim rəqslərini ifa etdilər. Onun ətrafı seyrələndən, nəhayət, o tək qalandan sonra, Eşli güclə də olsa sevincini üzə vurmaqdan özünü saxlayıb, trasla addımlarını asta-asta ataraq onu gözləyən yarış qalibinin - ərinin görüşünə doğru yeriməyə başladı. Hələ bir-birindən uzaq idilər. Gözlər isə bu məsafəni dəf edərək, artıq bir-biri ilə görüşmüşdü. Elə buna görə də tələsmirdi, addımlarını yavaş atırdı.
Avtoyürüşçü ilə ilk dəfə Dario Frankitti ilə 1999-cu ilin sonunda tanış adamın toyunda görüşmüşdü. Ümumi səs-küylü şənliyin içində bu iki nəfər əsas diqqət mərkəzində oldu. Kimsə onlarla salamlaşmağa, kimsə avtoqraf götürməyə tələsirdi.
Eşli toyun ortasında ürəyində özünü evdə oturub, maraqlı br kitab oxumaqdansa, bura gəldiyinə görə danlamağa başlayırdı ki, birdən qulağında qarabəniz kişinin zahiri görkəminə uyuşmayan cingiltili oğlan səsi gəldi:
- Deyəsən, bizim bir-birimizə avtoqraf vermək vaxtı gəlib çatıb. Ya da heç olmasa, tanış olmalıyıq. Yoxsa bu toydan yalnız ikimiz məğlubiyyət ovqatıyla çıxıb gedəcəyik.
Onun bu təklifinə nəzakət xatirinə gülümsədi. Söhbət etdilər, tanış oldular. Eşli necə gəldi üstünə telefon nömrəsini yazdığı kağızı ona verəndə, hamar və möhkəm ələ toxundu.

Sabahı bütün günü başağrısı, dünənki toyun darıxdırıcı ovqatı ilə çarpışırdı. Axşama yaxın birdən hiss etdi ki, özü də bilmədən elə hey telefonun ətrafında fırlanır,
zəng çalınmasını gözləyir və dəstəyi qulağına aparıb, yenə də dünənki cingiltili oğlan səsini eşitmək istəyir.

Onlar vur-tut iki həftə idi, bir-birləri ilə görüşürdülər. Bir gün çılğın gecənin səhəri Dario ona düz, iki ay bundan əvvəl - 31 dekabr 1999-cu ildə Kaliforniya avtodromunda ən yaxın dostu Qreq Murun həlak olduğunu söylədi. Əslində, sadə tarixçə idi. Kiçik yol qəzasında əlindən zədə alan Qreq növbəti yarışı ötürmək istəmədi. O, tibb nəzarətçilərini dilə tutub, yarışda iştirak etmək üçün icazə aldı və sükanın arxasına əyləşdi. İkinci dairədə Qreqin idarə elədiyi bolid beton barını sındırıb otluğa sıçradı. Qreq zədəli əlində ağrı hiss edib, saniyənin mindənbir anında sükanı boş buraxmışdı. Ötüşmənin zamanlaşmış məkanında bu an kifayət edirdi ki, ölüm səni haqlasın.

Hisslərini cilovlamağı bacaran Frankittinin dilində bu hadisənin soyuqqanlı nəqli beş dəqiqədən çox çəkmədi. Bu zaman onun əlinə söykənən Eşlinin peysəri, elə bil, buza döndü. Ona görə yox ki, Eşlinin Qreqə yazığı gəlmişdi. Sadəcə o, Darionun bu hadisəni niyə məhz indi ona danışmasının mənasını anladı. Yalnız bir neçə gecə bir yerdə olduqları bu oğlan ciddi şəkildə onu öz həyatına dəvət edirdi. Sadə, soyuq, kişi kimi romantik şam yeməksiz, hədiyyəsiz dəvət edirdi. On dörd yaşından onu durmadan tərifləyən, ətrafında dolanan kişi cinsinə məxsus məxluqları tanıyırdı. Bəzilərinə gülüb lağ edir, bəzilərinin təklifini qəbul edib onlarla yatır, nadir hallarda bəzilərini özü də sevə bilirdi. Hətta bu sevgilər uzun çəkəndə belə, o, yenə hamıdan ayrı, öz təcrid olunmuş həyatını yaşayırdı. O, müstəqil qalmağı bacarırdı. Heç bir maraq, heç bir istək onun sərbəstliyini əlindən ala bilməzdi. Bu xüsusiyyət onda uşaqlıqdan formalaşmışdı. Harda olsa, hara köçsə də, öz dünyasını o qızcığaz özü ilə daşıyır və heç kimdən asılı olmayaraq, yaratdığı bu xəyali dünyada yaşayırdı. Maraqlıdır ki, Sandersdə ona mükafat təqdim olunan zaman, elə bil, onun xarakterini nəzərə alaraq, "ruhun sərbəstliyi" ifadəsini işlətmişdilər. Bir neçə vaxt bundan əvvəl Eşli, hətta and içə bilərdi ki, başqasının həyatına daxil olmayacaq, yaxud da başqasının öz həyatına daxil olmasına imkan verməyəcək. Amma indi isə budur… Qız, elə bil, birdən-birdən gözünü açıb uçurum kənarında dayandığını görmüşdü. Onun bu uçuruma tullanmaq fikri yox idi. Bəs onda bütün varlığını bürüyən təşviş nə demək idi?
- Əgər Miladı bir yerdə keçirmək istəyirsənsə, mənim rançoma gedə bilərik; ikimiz, -həmişəki soyuqqanlılığını itirməkdən ehtiyatlanan Eşli yalnız bu sözləri deyə bildi.
Cavab olaraq Dario onun buza dönmüş boynunun ardını sığalladı.

2000-ci ilin əvvəllərində qəzetlər artıq triller kraliçası Eşli Caddın yeni eşq macərası haqqında geninə-boluna yazmaqda idi. Bir neçə həftədən sonra səs-küylü qəzetlər xəbər verirdi ki, məşhur avtoyürüşçü yeni mövsümün başlanğıcında keçirilən yoxlama yarışda qəzaya düşüb və bundan sonra onun idmançı karyerasına, yəqin ki, son qoyulacaq.
...Maşının qapısını açıb pencəyi və çantasını arxa oturacağa tulladı. Keçib qabaqda, Eşli ilə yanaşı əyləşdi. O, müdhiş yoxlamadan sonra sükan arxasına oturmağa ehtiyat edirdi. Birdən bədənində adrinalin yenə qalxar, özündən asılı olmayaraq sürəti artıra bilərdi. Eşli açarı burub maşını işə saldı:
- Nahar edəcəyik?
Dario etiraz olaraq başını yellətdi:
- Mən qəhvə içmək istəyirəm. Sənin bişirdiyin peçenyelərlə. Əgər o dələduzlar onları yeyib axırına çıxmayıblarsa.
Eşli gülümsədi:
- Yeyib qurtarmazlar. Uzaqbaşı sənin üçün təzələrini bişirərəm.
Yürüşdən bir gün əvvəl o, Darionu yola salıb mətbəx şkafından kakao, yumurta, xama, şokolad, un, darçın, qoz ləpəsi, azca soda və azca sirkə götürdü... Tələsmədən xəmiri qarışdırıb birinci peçenye tavasını sobaya qoydu. Eşli bir qalaq peçenye və bir termos tünd qəhvə dəmlədi. O bilirdi ki, bir vedrə qəhvə belə dəmləsəydi, komandanın üzvləri bir anın içində onun hamısını içəcəklər. Eşlinin peçenyelərini isə bir göz qırpımında hop eləyib yoxa çıxaracaqdılar. Ona görə də Eşli həmişə çantada bir neçə peçenye gizlədərdi.

Frinkitti ilə Tennessidəki rançosuna gələndə, Eşli onun ilk dəfə ayaq basdığı bu evə necə tez bir zamanda uyğunlaşa bildiyindən heyrətə gəlirdi. Dario ondan nə vanna otağının harada olduğunu, hansısa otağının işığının hardan yandırıldığını soruşmur, bütün bunları elə təbii şəkildə icra edirdi ki, elə bil, yüz ildi bu evdə yaşayır. Baxmayaraq ki Eşli bu evi bilərəkdən künc-bucaqlı, mürəkkəb layihə ilə tikdirmişdi. Eyni ilə sevimli "Narniya" kimi onu inşa etmişdi.

Malibidə ilk Hollivud qonorarı hesabına əldə etdiyi villa yanıb-kül olandan sonra, Eşli Cad uzun müddət təzə ev almağa cürət etmir, gah bu, gah da o biri oteldə daldalanırdı. Yalnız Dario ilə tanış olmazdan azca əvvəl, həmin Franklin şəhərinin, nə vaxtsa anası və bacısı ilə birgə yaşadığı şəhərə yaxın bir yerdə, az qala, 200 yaşı olan qədim, möhtəşəm evi görəndə düşünmüşdü ki, nəhayət, öz istədiyini tapdı. Eşli bu qədimi evi alıb, onu yenidən tikməyə başladı. O ki qaldı Darionun bu evə belə inanılmaz dərəcədə tez uyuşmasına, görünür, onları ruhən bir-birinə qohum edən daha dərin xüsusiyyətlər varmış. Bu dünyada hər şey həmişə eyni şəkildə baş verir. Onun Narniyasında olduğu kimi. Nəsə sona yetir, o biri döngədə yenisi başlayır...

...Frankitti heç cür anlaya bilmirdi ki, o lənətə gəlmiş yoxlamada ona nə olmuşdu. Gözünü açanda o gün səhər yeməyindən sonra nə baş vermişdi, heç biri yadında deyildi. Beyin zədəsi. Dostları belə hesab edirdilər ki, əslində, belə yaxşıdır, daha Dario hər dəfə "qəza sindromu"nu dəf etməli olmayacaq, çünki yaddaş hər dəfə əvvəlki qəzanı göz önünə götürür və bu təsəvvürlə yenidən sükan arxasına oturmaq cəhənnəmin qapısını açıb içəri girməyə bərabər dəhşətdir. Odur ki unutmaq, yada sala bilməmək daha yaxşıdır. Amma əvəzində baş verənləri Eşli yaxşı xatırlayırdı. Darionun başını qoyduğu yastığın rənginə dönmüş ağappaq sifəti, matəm haşiyəsi rəngində qapqara saçları, bu qara haşiyənin üzərində hörümçək toru kimi bir-birinə qarışmış sistem naqilləri… "İlahi, kaş o, ayağa duraydı, kaş gəzə biləydi"... Dario hər iki omba sümüyünü sındırmışdı. Bununla belə, azca sağalan kimi nəinki gəzmək, yenə maşın sürmək, yürüşə çıxmaq istədi:
- Başa düş, mən heç kimə heç nə sübut eləmək istəmirəm. Sadəcə, mənim üçün avtomobilsiz yaşamaq mümkün deyil.

Hər gün əvvəl on, sonra yüz, daha sonra min addım atır, pilləkənləri fasilə vermədən yuxarı qalxıb-aşağı düşürdü. Gündə yüz altmış, iki yüz otuz, min altı yüz dəfə. O, səbirsizliklə yenidən keçib, sükan arxasına oturmaq üçün icazə verilməsini gözləyirdi. Eşli də gözləyirdi. Hər dəfə təqvimə baxanda ürəyinə qorxu düşürdü. Təqvim haqda Darioya heç nə demirdi.. Onun ürəyində qorxuya yer yox idi. Həyatında ilk dəfə idi Eşli çaşqın vəziyyətə düşürdü. O, bir qərara gəlməliydi, düşünməyə isə vaxt yox idi. Dario növbəti tomoqramının cavabını gözləmədən avtodroma qaçdığı gün Eşli Corc Lukas və Kristian Sleyterlə birlikdə hər Lonq Biçdə keçirilən məşhurların avtoyürüşü yarışında iştirak etməyə razılıq vermişdi. Bundan xəbər tutan Dario yenə Eşlinin boynunun ardını sığallamağa başladı. Soyuq deyildi. Dario anladı ki, Eşli onun dəvətini qəbul edir.

Cad yürüşdə iştirak edəndən sonra, Dario onların nikahı barədə elan verməsini təklif etdi. 2001-ci ilin dekabrında onlar Şotlandiyada Skibo qəsrində evləndilər. Bu qəsrdə düz bir il əvvəl Madonna və Qay Riçi nikah bağlamışdılar. Eşli və Darionun toyuna çoxlu qonaq gəlməsinə baxmayaraq, Hollivud standartlarına görə bunu sadə toy adlandırmaq olardı. Eşli ayrıca axtarışa çıxmamış Armanidən paltarı geyinmişdi. Ötən il "Oskar" mərasimində də bu paltarla olmuşdu. Dario isə əsl şotland kimi əyninə kilta geymişdi.

...Eşli qəhvədanı plitədən götürəndə və peçenyedolu səbəti təntənəylə stolun üstünə qoyanda, bayırda səhərdən yağan yağış artıq kəsmişdi. Mətbəxin pəncərəsini azca araladı. İçəri təravətli, bir nəm iyul havası daxil oldu. Mətbəxdən gələn qoxuya itlər və pişiklər qaçıb gəlmiş, stolun və stulların altında oturub paylarının nə vaxt veriləcəyini gözləyirdilər. Onlar, ər və arvad mətbəxdə oturmağı, peçenyeni yarıdan sındırıb qəhvəyə batırıb yeməyi xoşlayırdılar. İkisi də.. Evliliklərinin dörd ili tamam olmasına baxmayaraq, Eşli hələ də dünyanın tamam başqa guşəsindən olan bu qarayanız oğlanla öz arasında nə qədər çox oxşar cəhətlər olmasına təəccüblənməkdə davam edirdi. Elə o, uzun ayrılıqdan sonra doğma qardaşı ilə görüşmüşdü. Elə bil, onunla uşaqlıqda eyni nağılları dinləmiş, birlikdə qonşu bağından alma oğurlamış, bir uşaq otağında böyümüşdülər. Heç vaxt ağlına gəlməzdi ki, ona bu qədər oxşayan kişi ilə rastlaşacaq.

Eşli bu qəribə oxşarlıqdan həm heyrətə gəlir, həm də təşvişə düşürdü. Elə bu səbəbdən də toylarından bir az əvvəl onunla birgə psixoloqun yanına gedib test-sorğudan keçmək qərarına gəlmişdi. Bu qərarını bir neçə həftə Frankittiyə söyləməkdən çəkinirdi. Bu barədə anası ilə məsləhətləşəndə, o qızına bildirdi ki, onun başı xarab olub. Ba-cısının qəribəliklərinə alışan Uaynona isə heç nə demədən gülümsəyərək, çiyinlərini çəkib başını hərlədi. Deyəsən, yalnız Morqan Frimen Eşli Cadın ürəyində nə baş verdiyini anladı. Onunla Eşli "Qızları öpün" filminin çəkilişində tanış olub dostlaşmışdı. Morqan onu anlayıb dedi:
- Bizim işimiz bal yemək deyil, xanım qız. Mən bilirəm, sən əri tərəfindən amansızcasına aldanmış Kler rolunu unutmamısan. Mən səni çoxdan tanıyıram. Sən rolu oynamırsan, onu yaşayırsan. İndi isə bütün şübhələrini özündən kənara at. Əgər bu oğlanı sevirsənsə, deməli, səni anlayacaq.
Belə də oldu. Eşli ona həkim-psixoloqun yanında xasiyyətlərinin uyarlılığını yoxlamaq üçün test-sorğudan keçməyi təklif edən zaman, Dario, sadəcə, cibindən gündəliyini çıxarıb vərəqlədi və soruşdu:
- Çərşənbə axşamı getsək olar?

Eşli bilirdi ki, Hollivudda çoxları onun haqqında deyirlər ki, "Bu qızın başı öz ərinə o qədər qarışıb ki, karyerası barədə düşünməyi unudub". Son vaxtlarda çəkildiyi heç bir film əvvəlki filmlər, "Qızları öpün", "İkili səhv", "Xüsusi ağır cinayətlər" filmləri qədər ona uğur gətirə bilmirdi. 2003-cü ildə "Qadın-pişik" blorkbasterində çəkilməliydi və bununla əlaqədar Mişel Pfayfer Betmen haqqında filmdəki maskasını ona bağışlamışdı. Amma Eşli istəmirdi ki, çəkilişlərin qrafiki Darioya xidmət göstərməyə, qayğısına qalmağa mane olmasın. Bu zaman Frankitti növbəti qəzadan, Şotlandiya dağlarında motosikletlə gəzən zaman düşdüyü qəzadan müalicə olunurdu. Odur ki Eşli rola çəkilməyə imkan tapmadı. Onu Helli Berriyə verdilər. - Doğrudanmı, prinsiplərin səni bir an da olsun sərbəst buraxmır? Həftənin üç günü vaxtını bu trasda keçirirsən. İldə iyirmi iki yarış. Belə getsə, sənin heç kosmetoloqa getməyə vaxtın olmayacaq, - bu sözlərlə anası Eşlini danlayırdı. Eşli isə bunun, əslində, tamam tərsinə olduğunu anlayırdı. Dario ilə tanış olandan sonra, qız vaxtını ondan başqa nəyəsə və yaxud kiməsə həsr eləməyə heyfi gəlirdi. Bəli, Morqan onun kinodakı qəhrəmanların həyatı ilə yaşadığını düz deyirdi. Cad doğrudan da aldığı rolları dərindən duymaq istəyirdi. "Qızları öpün" filminə baş rolu alanda kikboksinqlə məşğul oldu. "İkili səhv"də bütün trükləri kaskadyorların köməyi olmadan özü yerinə yetirirdi… Yeni bir rola çəkilən kimi, dönüb başqa adam olurdu. İndi isə başqa bir qadının, hətta oynadığı roldakı qadın olsun belə, həyatına daxil ola biləcəyindən dəhşətə gəlirdi.

Dario aktyor sənətinin bütün "əlavə effektləri"nə çox sakit yanaşırdı. Əgər Eşli hansısa bir ziyafət gecəsinə birgə getməyi ondan xahiş edirdisə, bunu sakit qəbul edirdi. Bəzən başının ağrısını, yaxud mühərriklə məşğul olduğunu bəhanə gətirib, bu təkliflərin hansı birindənsə imtina edərdisə, Eşli bunu belə də qəbul edər, burda heç bir bəhanə axtarmazdı. Dario öz peşəsinə o qədər bağlı idi ki, onu qoyub-gedib, gecədə onlardan hansının adının çox çəkilməsini saymaq, yaxud təqdimatlarda birinci kimin adının çəkilməsinə diqqət yetirmək kimi mənasız işlərlə məşğul olmazdı.

Bunula belə, nə bilmək olardı ki, Eşli yeni filmə çəkilən zaman onların evində yad bir qadının gəlib-yaşamasına Dario necə baxardı. Onların gələcək uşaqları barədə jurnalistlərin verdiyi suallardan müxtəlif zarafatlarla yayınan Eşli, əsl həqiqəti özündən belə gizlədirdi. Hamiləlikdən ona görə qaçırdı ki, gələcək uşaqlarına göstərəcəyi qayğıların onun əlindən Darionu almasından qorxurdu. Bununla belə anlayırdı ki, öz aktrisa peşəsindən həmişəlik ayrıla bilməz. Onda, sadəcə, ərinin kölgəsinə çevrilə bilər. Bu isə kişilərin xoşuna gəlmir. Hətta Dario belə bir sınağa davam gətirməyə bilər.

Cad ictimai fəaliyyətə başladı. O, yoluxan qadınların müdafiəsi ilə məşğul oldu. Nəhayət, çoxdankı arzusunu həyata keçirib, xeyirxah missiya ilə Afrikaya yollandı. Elə filmlərə, elə rollara çəkilməyə razılıq verirdi ki, bunlar onun qəlbini yerindən oynadıb narahat etməsin. Çünki daxilindəki bu adanın yalnız bir sahibi vardı - Dario.
Eşli Cad "Mən-mən bacılarının ilahi sirri"ndə ötəri rol, çoxdan rəfiqəlik etdiyi Salma Hayekin xatirinə "Frida" filmində epizod, Semuel L.Ceksonla zəif "Amneziya" filmi. Bunlarla onun kino fəaliyyəti kifayətlənirdi. Hər halda bu filmlərin, bu rolların da adı hallanırdı... Dario ilə görüşəndə ona danışmağa mövzu olacaq.

Bir il bundan əvvəl, bir-birinin ardınca müvəffəqiyyətsizliyə uğrayan Darionun işləri yeni əvvəlki yoluna düşəndə, Eşli həqiqətən də ciddi və maraqla kino layihəsində işləmək qərarına gəldi. Bu, "Sevimli adam" müzikli idi. Burda məşhur müzikllər müəllifi Koul Porterin xanımı gözəl Linda rolunda çəkilirdi. Parlaqsimalı, sərtxasiyyətli, iddialı bu qadın bir o qədər də seçilib-fərqlənməyən ərinə anlaşılmaz bir bağlılıq duyur, ona məftundur. Əlbəttə, belə bir rola görə risk etməyinə dəyərdi. Burda Eşli, hətta uzun illər bütün təkidlərə baxmayaraq, imtina etdiyi bir addımı atmışdı. O, müğənni kimi oxuyurdu. Bu faktdan heyrətə gələn onun anası və ba-cısı müəyyən iltifatla da olsa, əzizlərinin vokal debütünü alqışladılar… Eşlinin heç vecinə deyildi ki, "Qızıl qlobus" mükafatına o yox, Annet Benninq layiq görüldü. Daha vacib olanı başqa idi. Qadın hər səhər onu xoşbəxt edən bir hadisənin şahidi olurdu. Hər səhər Dario yuxudan oyanıb özünü sahmana salanda, Eşli Cadın "Sevimli adam" filmində oxuduğu mahnını özü üçün zümzümə edirdi... ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar