Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Yazıçılar Birliyi katibliyinin üzvü, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəylinin
APA-ya müsahibəsi
- Tənqidçi Əsəd Cahangirlə aranızda yaranmış gərginliyin səbəbi nədir?
- Son bir ildə Əsəd Cahangirin hərəkətləri ilə bağlı Yazıçılar Birliyinin katibliyinə bir neçə yazılı müraciət daxil olub. Həmin müraciətlərdə bildirilirdi ki, Əsəd Cahangir iş yoldaşları ilə kobud rəftar edir, yola getmir, onları təhqir edir. Müraciətdə onun haqqında ölçü götürülməsini xahiş etmişdilər. Biz o zaman məsələni katiblikdə müzakirə edərək Əsədə xəbərdarlıq etdik ki, başını aşağı salsın, öz işi ilə məşğul olsun, iş yoldaşları ilə dil tapsın. Sonradan katibliyə yenidən şikayət ərizəsi daxil oldu və bu dəfə Əsəd Cahangirə töhmət verildi. Lap axırıncı dəfə isə təşkilatın mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Əsəd Cahangirdən yazılı şikayət etdi. Bu şikayətə də baxıldı və qərara alındı ki, Əsəd Cahangir özünü yaxşı aparmadığına və yoldaşları ilə kobud davrandığına, eyni zamanda onlara münasibətdə təhqiramiz ifadələrə yol verdiyinə görə “Körpü” jurnalının baş redaktorluğundan çıxarılsın və ona sön xəbərdarlıq edilərək şiddətli töhmət verilsin. Mən düşünürəm ki, bu, Əsəd Cahangir üçün çox yumşaq qərar idi. Bu yumşaq qərarın qəbul olunmasında Yazıçılar Birliyi rəhbərliyinin yumşaqlığı əsas rol oynadı.
- Bəs, necə oldu ki, Ədalət Əsgəroğlu sonradan mətbuata çıxıb Əsəd Cahangir haqqında dediklərini təkzib elədi?
- Vallah mən Ədalət Əsgəroğlunun çıxışlarına şərh verə bilmərəm. Bu onun öz işidir. Elə bu sualı Ədalət Əsgəroğlunun özünə versəniz yaxşı olar.
- Deyilənə görə, Yazıçılar Birliyinin rəhbərliyi katiblikdə Əsəd Cahangirin haqqında belə sərt ölçü götürənləri tənbeh edib və mətbuata təkzib verilməsini tələb edib?
- Mən bu barədə heç bir şərh verə bilmərəm.
- Belə çıxır ki, Əsəd Cahangir dediklərində haqlıdır...
- Mən öz adımdan danışıram. Düşünürəm ki, insan bir evdə, bir ocağın başında oturursa, həmin icma yoldaşlarına hörmət və sayğı ilə yanaşmalıdır. Əgər bunu etmirsə, həmin şəxsin orada qalması anormallıqdır və icma üzvlərinə hörmətsizlikdir.
- Əsəd Cahangir deyir ki, Siz də daxil olmaqla beş nəfər ona qarşı birləşib. Bu birləşmənin səbəbi nədir?
- Mən hər baxımdan kifayət qədər güclü adamam. Ona görə də kiminləsə kiməsə qarşı, xüsusən də tez-tez fikrini dəyişən, buqəlamun bir adama qarşı birləşə bilmərəm. Mən katibliyin üzvüyəm və orada daxil olan şikayətləri araşdırmaqla məşğulam. Mövqeyimi də bildirmişəm. Hesab edirəm ki, onun Yazıçılar Birliyində qalması məqsədəuyğun deyil.
- Əsəd Cahangir münaqişəyə səbəb kimi özünün çox güclü tənqidçi olmasını göstərir, deyir ki, kimlərisə tərifləmədiyimə görə vəziyyət belə dəyişib.
- İcma yoldaşlarına və qələm qardaşlarına qarşı qərəzli münasibət güclü hesab olunursa, onda qoy o, güclü olsun.
- Söhbət tənqiddən gedir...
- Onda gərək bu adam mənim haqqımda yazdığı palaz-palaz məqalələrin üstündən xətt çəksin.
- Axı, Əsəd Cahangir deyir ki, sizin haqqınızda heç vaxt tərif yazmayıb...
- Bu yaxınlarda onun məqalələrini mətbuatda təkrar çap etdirərəm, yazıb-yazmadığı məlum olar. Onun mənim haqqımda yazdığı tək bir məqalənin adını çəkmək istəyirəm. Məqalə belə adlanırdı: “Üç əsrimiz və nəsrimiz: tarixi filoloji icmal - Mirzə Cəlil, Anar, Elçin Hüseynbəyli xətti”. Elə məqalənin adından hər şey görünür. Mən bu siyahını daha da artıra bilərəm. Onun mənim haqqımda yazdığı böyük məqalələr olub. Bir adam məni Dostoyevski, Kafka kimi yazıçılarla müqayisə edir, indi də durub mənim haqqımda deyirsə ki, o, cümlə qura bilmir, belə bir adamın səmimiyyətinə necə inana bilərəm?
- Belə çıxır ki, Yazılar Birliyində qruplaşmalar yaranıb?
- Xeyr. Əsəd bu adamların hər biri ilə ayrı-ayrı dövrdə dalaşıb, təhqir edib. Söhbət kollektiv şikayətdən getmir. Mənim mövqeyim sağlamdır. Düşünürəm ki, bu adam yola getmirsə, özünü düzəltsin. Bu da özünü düzəltmir. Mən inanıram ki, heç düzəldə də bilməyəcək. Bir yerdə bir ocağa, hörmət eləmirsə, Yazıçılar Birliyinin rəhbərliyində kimlərəsə sədaqətini göstərmək istəyirsə, hamı da bilirsə ki, bu qeyri-səmimidir, belə adamla necə yola getmək olar? Mənim bundan sonra Əsəd səviyyəsində adamlara cavab vermək fikrim yoxdur. Çünki əlimdə ciddi roman işləyirəm. İndi əsərlərim Azərbaycandan kənarda çap olunur və böyük maraqla qarşılanır. Belə bir vəziyyətdə Əsəd Cahangir kimi adamlara baş qoşmaq fikrində deyiləm. Əsəd Cahangir əlində qələm olan bir adamdır. Deyirlər, indi də mahnı bəstələyir. Qoy özü müəyyənləşdirsin ki, bu adam kimdir və nəçidir...